24 mart 2017 19:22
269

Vaşinqtonda Avropada və postsovet məkanında təhlükəsizlik məsələlərinə həsr edilən konfrans keçirilib

Vaşinqtondakı Karnegi Fondunda “ABŞ, Rusiya və Avropanın cinahlarının təhlükəsizliyi” adlı konfrans keçirilib. Konfrans Ceymstaun Fondu tərəfindən təşkil edilib. Dörd paneldən ibarət konfransı Ceymstaun Fondunun prezidenti Qlen Hovard giriş nitqi ilə açıb. Sonra bir çox elmi işçilər, ekspertlər, politoloqlar və sabiq siyasi xadimlər çıxış ediblər. Konfransda müasir ABŞ-Rusiya münasibətlərinin xüsusiyyətləri, Şərqi Avropada, Yaxın Şərqdə, Qara dəniz və Cənubi Qafqaz regionlarında vəziyyət, keçmiş Sovet İttifaqı və Avropa dövlətləri arasında iqtisadi münasibətlər, NATO-nun genişləndirilməsi və NATO-nun Rusiya ilə münasibəti, habelə postsovet məkanında münaqişə zonalarında geosiyasi vəziyyət müzakirə edilib.

Qara dəniz regionunda və Cənubi Qafqazda təhlükəsizliyə həsr edilmiş paneldə Balkan, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə proqramların direktoru Marqarita Assenova, “Atlantik Şurası” Analitik Mərkəzinin qlobal enerji məsələləri üzrə mərkəzinin baş elmi işçisi və Corctaun Universitetinin ştatdankənar professoru Brenda Şaffer, Ceymstaun Fondunun baş elmi işçisi Vladimir Sokor çıxış ediblər. Çıxışlarda Şərqi Avropanın bəzi ölkələrinə neft tədarükündə Azərbaycanın rolu vurğulanıb. Ekspertlər regionda ABŞ-ın fəallığının artırılmasının zəruriliyini vurğulayıblar.