28 aprel 2017 23:50
381

Avropa ölkələri kimin gözünə kül üfürür?

Türkiyə Cümhuriyyəti dünya dövlətləri arasında demokratiyanın ən çox qorunduğu və inkişaf etdirildiyi bir dünyəvi dövlətdir. Böyük Atatürkün qurduğu demokratik dövlət formalaşanda bir sıra Avropa dövlətləri hələ də antidemokratik şəraitdə yaşayırdılar. İndi özünü demokratiyanın beşiyi adlandıranlar o zaman apardıqları ədalətsiz müharibələrlə xalqları qırıb-çatırdılar. Fransa Hitler nasional-sosializminin ayaqları altında çabalayırdı. İspaniyada general Franko, İtaliyada isə Mussolini rejimləri tüğyan edirdi. Bəs onda harada idi Avropa demokratiyası?

1980-ci illərdə Bolqarıstanda türkləri yalnız milli mənsubiyyətinə görə təqib edirdilər. Bolqarıstan Kommunist Partiyasının rəhbərləri türkləri assimilyasiyaya məruz qoyurdular, onları öz ad və soyadlarını zorla dəyişməyə məcbur edirdilər. Buna əməl etməyən 30 mindən çox türk tutularaq həbsxanalara atılmışdı. O zaman SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Heydər Əliyev işə qarışandan sonra Bolqarıstanın rəhbəri Todor Jivkov bu diskriminasiyaya son qoymuşdu. İndi həmin despotların övladları və nəvələri demokratiyanın qalıqlarını da məhv etməklə məşğuldurlar.

1949-cu ildə yaranan Avropa Şurasına üzv olan Türkiyəyə qarşı bu qurumun Parlament Assambleyası heç vaxt isti münasibət göstərməyib. Baxmayaraq ki, fəaliyyəti digər dövlətlərlə bərabər Türkiyənin də ödədiyi üzvlük haqqı hesabına baş tutur. Aşkar məsələdir ki, Türkiyəyə qarşı ədalətsizlik bu qurumdakı bəzi antitürk dairələrə meydan verilməsinin nəticəsidir.

Söhbət Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında Türkiyə ilə bağlı qəbul etdiyi qərardan gedir. Yada salaq ki, yaz sessiyasında “Türkiyədə demokratik təsisatların fəaliyyəti” adlı məruzə müzakirəyə çıxarılıb və guya Türkiyədəki demokratik şərait bəzi nümayəndələri qane etməyib. Ona görə də Türkiyədə demokratiyanın vəziyyətini monitorinq etmək qərara alınıb. Bu, müasir Türkiyəni gözü götürməyən qüvvələrin qısqanclığından və paxıllığından başqa bir şey deyil.

Burada bir haşiyə çıxaq. Aprelin 2-də Ermənistanda biabırçı parlament seçkiləri keçirildi. Bir çox xarici ölkə müşahidəçiləri həmin seçkilərə buraxılmadı, seçicilərin səsi rüşvətlə satın alındı, saysız-hesabsız saxtakarlıq aşkar edildi, hətta prezident Serj Sarkisyanın barmaq işarəsi tanınmadı və s. Bunları yaxşı bilən AŞPA nə üçün heç cınqırını da çıxarmadı?

Humanizmdən və demokratiyadan dəm vuran islamofob qüvvələrin gözləri qarşısında Suriyadan, İraqdan, Yəməndən, Misirdən, Liviyadan və müharibə aparılan başqa ölkələrdən didərgin düşüb yad ölkələrə qaçan insanlara müvəqqəti yaşamağa yer vermirlər. Onlara pənah gətirənlərin qarşısına tikanlı məftillər çəkən Avropa ölkələri indi kimin gözünə kül üfürür? Halbuki Türkiyə ona sığınan 3 milyondan çox insana qucaq açıb, onların məskunlaşmasını və yaşayış şəraitini təmin edib. Avropa ölkələrinin başçıları müsəlman ölkələrindən qaçqın düşənləri özlərindən uzaqlaşdırmaq məqsədilə Türkiyəyə belə bir təklif vermişdilər ki, qaçqınları qəbul etməkdən çəkinməsin, digər dövlətlər bu məsələdə ona lazımi kömək göstərəcəklər. Təbii ki, belə humanitar kömək Türkiyəyə çox gərək idi. Çünki milyonlarla insanı hər cür şəraitlə təmin etmək sadə məsələ deyil. Lakin Türkiyə başqa ölkələrdən didərgin düşənlərə öz qayğısını bu gün də əsirgəmir, onlara ehtiram göstərir. Sonradan məlum oldu ki, xalqlara demokratiya dərsi keçməyə çalışanlar müsəlman qaçqınlara yer vermək bir yana qalsın, heç humanitar yardım da göstərmək niyyətində deyillər. Beləliklə də onlar Türkiyəni nəhəng qaçqın problemi ilə namərdcəsinə tək qoydular. Şükürlər olsun ki, qardaş Türkiyəmiz bu və digər problemləri həmişə həll etmək iqtidarındadır.

Vəli İlyasov, “İki sahil”