23 iyun 2017 00:02
553

Azərbaycan danışıqlar prosesində güzəştə getməyəcək

Müsahibimiz siyasi şərhçi Arzu Nağıyevdir

- Son günlər cəbhə xəttində vəziyyət xeyli gərginləşib. İşğalçı Ermənistan ordusu davamlı şəkildə təxribatlara əl atır. Düşmənin cəbhədə vəziyyəti gərginləşdirməkdə məqsədi nədir? Sızcə, nə üçün Cocuq Mərcanlı ilə başlayan Böyük Qayıdışdan sonra təxribatlar baş verir?

-ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərləri yenicə başa çatıb. Məhz bu səfər ərəfəsində ermənilər tərəfindən aktivləşmə hiss olundu. Onlar göstərməyə çalışırdılar ki, guya sülh, danışıq tərəfdarıdırlar, lakin Azərbaycan tərəfi bunu pozur. Amma məlum məsələdir ki, proseslər tam əksinə baş verir. Həmsədrlər əvvəlcə Ermənistan prezidenti Serj Sarkisyan və səhra komandirlərindən ibarət komanda ilə görüşüb, Xankəndidə qondarma rejimin “rəhbəri” ilə bir araya gəldilər. Daha sonra iyunun 19-da ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda oldular. Ölkə prezidenti son günlər cəbhədə yaranan gərginliklə bağlı həmsədrləri məlumatlandırdı. Bildirdi ki, Azərbaycan heç vaxt atəşkəsi pozan tərəf olmayıb. Aydındır ki, atəskəsin pozulmasında maraqlı tərəf Ermənistandır. Məqsəd odur ki, danışıqlara getməsinlər, status-kvo saxlanılsın. Cocuq Mərcanlıya Böyük Qayıdışdan sonra ermənilərin cəbhədə    aktivləşməsi təsadüfi deyil. Bu gün Azərbaycan tərəfindən həmin ərazilərə qayıdış başlanıb. Bunun əksi olaraq ermənilər öz ölkələrini tərk edirlər. Bu, bir-birinə zidd məsələlərdir. Təbii ki Ermənistan rəhbərliyi, ölkə ictimaiyyətinin  diqqətini bu məsələdən  yayındırmaq üçün bu cür addımlar atır. Hətta iş o yerə çatıb ki, Ermənistan parlamentinin spikeri Dağlıq Qarabağa gedərək separatçılarla görüşüb. Bu məsələlərin birbaşa olmasa da dolayı yolla Cocuq Mərcanlıdan başlayan Böyük Qayıdışla əlaqəsi var. Artıq ictimai  rəy nə separatçıların, nə də Ermənistan rəhbərliyinin lehinə işləyir. Cəbhədə aktivlik də bununla bağlıdır.

- Bu yaxınlarda Azərbaycan-Türkiyə arasında imzalanan hərbi əməkdaşlıq sazişinə əsasən, Naxçıvanda taktiki təlimlər keçirildi. Bu təlimlərin mahiyyətini necə şərh edərsiniz?

- Naxçıvanda keçirilən taktiki təlimlərin əsas əhəmiyyəti ilk növbədə ordunun yeni döyüş texnikasının necə mənsiməsini yoxlamaq, döyüş şəraitinə yaxın və uyğun olaraq hərbi əməliyyatların keçirilməsini mükəmməlləşdirməkdir. Bundan başqa, NATO -nun üzvü olan Türkiyə kimi bir dövlətin hərbçiləri ilə birgə olmaq, eyni zamanda onların döyüş təcrübələrini öyrənmək də mühüm əhəmiyyət kəsb edən məsələdir. Məlumdur ki, birgə hərbi təlimlər Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında Sazişə əsasən keçirilir və buraya 5000 nəfərədək şəxsi heyət, 250-dən artıq döyüş və müxtəlif təyinatlı texnika cəlb olunmubşdu. Naxçıvan bu gün blokada şəraitində yerləşən bir bölgədir və məhz ona görə də burada belə təlimlərin keçirilməsi çox mühüm amildir. Bunu ermənilər də izləyir və butəlimlər həqiqətən də onlara ciddi bir mesajdır. Azərbaycan heç bir hərbi blokda təmsil olunmasa da daim ordu quruculuğunda ikitərəfli əlaqələri inkişaf etdirir və buna çox böyük əhəmiyyət verir. Ermənilərin əsas qorxduğu məsələ məhz Naxçıvanın iqtisadi cəhətdən daha da güclənməsi və ordu kontingentinin döyüş bacarığının mükəmməl səviyyəyə çatdırılmasıdır. Havadarların  hesabına döyüş taktikası seçən ermənilər müstəqil Azərbaycan dövlətinin yaratdığı döyüşkən ordudan təbii ki, qorxurlar. Erməni ekspertlər dəfələrlə Azərbaycan Ordusunun Naxçıvan tərəfdən ikinci bir cəbhə aça biləcək imkanını vurğulamaqla özlərini sığortalamağa çalışırlar. Məhz elə bu da onları qorxudan əsas amildir.

- ABŞ-ın dövlət katibi Reks Tillerson rəsmi Vaşinqtonun Türkiyə-Rusiya yaxınlaşmasından narahat olduğunu bildirib.

Maraqlıdır, öz narahatlığını aşkar şəkildə dilə gətirən ABŞ iki dövlət arasındakı yaxınlaşmaya son qoymaq, onlar arasında gərginlik yaratmaq məqsədi ilə müəyyən gedişlərə əl ata bilərmi?

 - Türkiyə NATO üzvü olduğu üçün ABŞ bu barədə ona dəfələrlə xəbərdarlıq edib. Eyni zamanda, Ərdoğanla Trampın görüşündə də, Tilletsonun Türkiyəyə səfərində də müəyyən təqdimatların verildiyi hiss olunurdu. Düşünmürəm ki, Türkiyə ilə Rusiya sona qədər yaxınlaşa bilər. Suriya məsələsində müəyən yaxınlaşmalar var idi. Lakin İran, Qətər məsələləri meydana çıxandan sonra onların tərəfdaş kimi bir yerdə olmasının mümkünsüzlüyü meydana çıxdı.

Suriya ərazisində kürd dövlətinin yaranması Türkiyənin əleyhinə olan bir məsələdir. Lakin bu məsələdə Rusiya müsbət addımlar atmağa çalışır.Rusiya Türkiyəyə daha çox yaxınlaşmağa cəhd edir. Çünki Rusiya həm sanksiyalardan yaxa qurtarmaq, həm də öz karbohidrogen ehtiyatlarını müxtəlif bazarlara çıxarmaq üçün tərəfdaşlar axtarır. Bu tərəfdaşlarlar isə İran və Türkiyə ola bilər. Türkiyə vasitəsilə məhz Rusiya İranın nüvə enerjisinin inkişafında müəyyən addımlar ata bilər. Bu, ABŞ-ı narahat edən əsas məsələlərdən biridir. Lakin bu da bir reallıqdır ki, Türkiyə NATO üzvü olduğuna görə heç vaxt ABŞ-ın əksinə hər hansı addım ata bilməz.

Şəmsiyyə Əliqızı, 
Şəfiqə Dadaşova, “İki sahil”