10 iyul 2018 21:23
2734

Bakı–Tbilisi–Ceyhan kəməri ilə indiyədək nəql edilən neftin həcmi 400 milyon tona çatıb

Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə bu vaxtadək nəql olunan neftin həcmi 400 milyon tona çatıb.

Bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında BP şirkətinin Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.

“BTC boru kəməri ilə nəql olunan xam neftin ümumi həcmi bu gün, iyulun 10-da 400 milyon tona çatıb. Bütün bu həcmlər ümumilikdə 3 min 924 tankerə yüklənərək Ceyhan terminalından təhlükəsiz şəkildə dünya bazarına yola salınıb”, - deyə T.Bayatlı bildirib.

Qeyd edək ki, istismara verildiyi 2006-cı ildə BTC ilə 57 milyon 78 min barrel neft nəql olunub. 2010-cu ildə kəmərlə illik nəqletmə ən yüksək göstəriciyə - 286 milyon 214 min barrelə çatıb. 2017-ci ildə Bakı–Tbilisi–Ceyhan boru kəməri vasitəsilə təqribən 34 milyon ton, yəni 256 milyon barrel xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 333 tankerə yüklənib. Cari ilin ilk 3 ayında isə BTC ilə təqribən 63 milyon ton və ya 8,3 milyon barrel xam neft ixrac olunub və həmin neft Ceyhan limanında 81 tankerə yüklənib. 2006-cı ilin iyunundan cari ilin birinci rübünün sonunadək BTC ilə ümumilikdə 391 milyon tondan çox, təxminən 2,93 milyard barrel xam neft nəql edilib və Ceyhan limanında 3 min 839 tankerə yüklənərək dünya bazarına göndərilib.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, boru kəməri vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur. Bu ilin birinci rübündə BTC üzrə əməliyyat xərclərinə təqribən 30 milyon dollar, əsaslı xərclərə isə 5 milyon dollar sərf edilib.

2003-cü il iyulun 30-da BTC-nin inşasına başlanılıb. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirilib.

Boru kəmərinin ümumi uzunluğu 1768 kilometrdir. Respublikamızın 13 rayonundan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafadan keçən kəmərin Azərbaycan hissəsinin uzunluğu 443 kilometrdir. Qalan 249 kilometr Gürcüstanın, 1076 kilometr isə Türkiyənin ərazisindən keçir. Boru kəmərinin Azərbaycan və Gürcüstanda yerləşən hissələrinin operatoru “BTC Ko.”nun səhmdarları adından BP, Türkiyədə yerləşən hissəsinin operatoru isə “Botaş International Limited” şirkətləridir. Kəmərin diametri Azərbaycanda və Türkiyədə, əsasən 42 düyümlükdür. Gürcüstan ərazisində kəmər 46 düyümlük borularla çəkilib. Türkiyədə Ceyhan dəniz terminalına enən sonuncu eniş boyu hissədə isə 34 düyümlüyədək azalır. Boru kəməri 1500-dən çox çay və 13 seysmik qırılma xətti ilə kəsişir. Kəmərin ən yüksək nöqtəsi 2 min 800 metr olan dağlardan keçdiyi yerdir ki, bundan sonra o, Ceyhanda yenidən dəniz səviyyəsinə enir.

Kəmərin istismar müddəti 40 il, orta ötürücülük qabiliyyəti isə sutkada 1,2 milyon barrel nəzərdə tutulub. Səngəçal terminalından Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalınadək uzanan kəmərin çəkilməsinə təxminən 4,5 milyard dollar vəsait xərclənib. Hazırda kəmər vasitəsilə ildə 60 milyon ton neft nəql etmək mümkündür.

“BTC Ko.”nun səhmdarları belədir: BP (30,1 faiz), “AzBTC” (25 faiz), “Chevron” (8,9 faiz), “Equinor” (əvvəlki “Statoil”) (8,71 faiz), TPAO (6,53 faiz), “Eni” (5 faiz), “Total” (5 faiz), “Itochu” (3,4 faiz), “Inpex” (2,5 faiz), “ExxonMobil” (2,5 faiz) və “ONGC (BTC) Limited” (2,36 faiz).