19 oktyabr 2018 23:18
1507

Deputat: Hesabat mühüm əhəmiyyət kəsb edir

Azərbaycanın Dünya İqtisadi Forumunun “2018-2019 Qlobal Rəqabətlilik Hesabatı”nın yeni metodologiyası əsasında ilk dəfə qiymətləndirilməsini şərh edən Milli Məclisin deputatı Cavid Osmanov “İki sahil” qəzetinə açıqlamasında bildirib ki, Dünya İqtisadi Forumunun rəqabət qabiliyyətinə görə Azərbaycanı yüksək dəyərləndirilməsi, bir neçə pillə irəli çəkməsi, təbii ki, ölkəmizdə aparılan iqtisadi islahatların uğuru ilə bağlıdır: “Bu gün Azərbaycanın əldə etdiyi uğurlar, iqtisadi tərəqqi yalnız ölkə daxilində deyil, beynəlxalq miqyasda da tez-tez vurğulanır, hesabatlarda qeyd edilir. Dünya İqtisadi Forumunun hesabatlarında da Azərbaycanın uğurları hər zaman yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında açıqlanan rəqəmlər də göstərdi ki, bütün sahələrdə inkişaf davam edir. Belə ki, 2018-ci ildə iqtisadi sahədə islahatların dərinləşməsi işində çox önəmli addımlar atılıb. Bu addımlar son illər dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən mükəmməl iqtisadi islahatların sayəsində mümkün olub. Dünya İqtisadi Forumunun “2018-2019 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi göstəricisinə görə 31-ci yerdə qərarlaşıb. Bu, bir daha Azərbaycanda sahibkarlığın və biznesin inkişafı ilə bağlı aparılan mühüm iqtisadi islahatlarla əlaqədardır.”

C.Osmanov vurğulayıb ki, hesabatda ölkəmizin bir neçə indikator üzrə yüksək nəticələr əldə etməsi, Azərbaycanın iqtisadi inkişaf reallıqlarının nümayişi ilə yanaşı, beynəlxalq imicinin daha da yüksəlməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Orxan Vahidoğlu, “İki sahil”