22 noyabr 2018 00:35
2347

On sığorta agentinin lisenziyası ləğv edilib

Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin qərarı ilə 10 nəfər sığorta agentinin lisenziyası ləğv edilib, 3 nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə müddətsiz lisenziya verilib.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarı ilə fəaliyyəti barədə rüblük hesabatları təqdim etməyən şəxslərin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları 3 ay müddətinə dayandırılmışdı. Lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılmaması ilə əlaqədar 8 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları İdarə Heyətinin qərarı ilə ləğv edilib.

Bundan əlavə, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə əsasən, Məmmədova Xəyalə Rafiq qızı və Rzayev Rəşad Rabil oğlunun könüllü müraciətləri əsasında sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar İdarə Heyətinin qərarı ilə ləğv olunub.

Palatanın İdarə Heyətinin eyni qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən Məmmədov Alim Xalid oğlu, Səfərova Validə Fətulla qızı və Nemətli Mehdi Nemət oğluna sığorta agenti fəaliyyətinə müddətsiz lisenziyalar verilib.