22 noyabr 2018 14:30
5240

Yeni tütün fabriki: idxal azalacaq, bəs qiymətlər necə?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən həftə Sumqayıt Kimya Sənaye Parkında açılışında iştirak etdiyi müəssisələrdən biri də  “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin tütün məmulatları istehsalı fabriki olub.

Burada Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında qurulan fabrikdə il ərzində 11 milyard ədəd 3 növdə filtrli siqaretlər istehsal ediləcək. Ümumilikdə, fabrikdə 13 brendin 80 çeşiddə məhsulunun istehsalı nəzərdə tutulur. Burada “Tabaterra”nın hər biri 6 çeşiddə “Senate”, “Kingston”, “Argo” adları altında məhsulu istehsal ediləcək. Bundan başqa, “British American Tobacco”, “Japan Tobacco International”, “Imperial Tobacco” şirkətlərinin məhsulları da lisenziya əsasında müəssisədə istehsal olunacaq.

Qeyd edək ki, bu şirkətlərin siqaretləri indiyədək ölkəmizə idxal edilirdi. Bu isə o deməkdir ki,  sözügedən layihə Azərbaycanda yerli istehsalın inkişafına xüsusi təkan verməklə yanaşı, xaricdən idxalın, eyni zamanda, tütün məhsullarının alınması üçün sərf olunan valyuta axınının azalmasına imkan yaradacaq.

Siqaret fabriki tam gücü ilə işləyəndən sonra burada ildə 11 milyard ədəd siqaret istehsal olunacağı nəzərdə tutulur. Ölkəmizin bu məshul üzrə daxili tələbatı isə 14 milyarddır. Ötən il tütün və tütün məhsullarının idxalı 166 527.87 min ABŞ dolları olub. Nəticə etibarilə yeni fabrik ölkənin tütün məmulatlarına olan tələbatının 80 faizini ödəməklə idxalın əksər hissəsini əvəzləyə biləcək.

Fabrikdə lisenziya əsasında dünyanın tanınmış tütün məhsulları istehsal edən şirkətlərinin məhsullarının da hazırlanacağını nəzərə aldıqda,  gələcəkdə ixrac imkanları da mövcuddur.

Yeni fabrikin üstünlükləri sadalananlarla bitmir. Prezident İlham Əliyev açılış mərasimindəki nitqində bildirib ki, adıçəkilən fabrik kənd təsərrüfatına böyük təkan verir: “Mən əminəm ki, bu fabrikin fəaliyyəti nəticəsində Azərbaycanda tütünçülüyün inkişafı daha yüksək templərlə gedəcək. Biz tütünçülüyü bərpa edirik, əgər keçən il 3 min ton quru tütün yığılmışdısa, bu gün artıq 4500 ton yığılıb və 5 min tonu keçəcək. Əlbəttə ki, gələcəkdə bu fabrikdə bizim yerli tütündən daha da böyük həcmdə istifadə olunacaq. Yəni bu, kənd təsərrüfatına böyük təkan verir”.

Fabrikin Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusunda olması isə  mənfəət, əmlak və torpaq vergilərindən, eləcə də parka istehsal məqsədilə xaricdən gətirilən texnika, texnoloji avadanlıq və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan 7 il azad olunmaq deməkdir. Buraya yerli xammaldan istifadə amilini də əlavə etsək, bu, daha aşağı maya dəyəri olan məhsul istehsalı imkanı verir. Nəticədə yerli bazara daha münasib qiymətə məhsul çıxarmaqla bərabər, ixrac üçün də rəqabətədavamlı məhsul istehsal etmək mümkün olacaq.

Ceyhun Piriyev, “İki sahil”