24 yanvar 2018 00:21
1261

Aqrar sektor 2018-ci ildə daha məhsuldar olacaq

Son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın inkişafı istiqamətində mühüm layihələr və tədbirlər həyata keçirilib. Ölkə iqtisadiyyatının real sektorunun və onun aparıcı sahəsi olan aqrar bölmənin sürətli inkişafı  kifayət qədər cəlbedicidir. Ölkəmizdə ixrac yönümlü məhsulların istehsal edilməsinə dəstək göstərilir, sahibkarlar üçün əlverişli şərait yaradılır, infrastruktur daha da yaxşılaşdırılır. Cənab Prezidentin vurğuladığı kimi, “ölkə iqtisadiyyatı 2017-ci ildə artıb, bu, çox müsbət göstəricidir. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz artıb. Sənaye sahəsində qeyri-neft sektorumuz 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıbdır.”

Azərbaycanın aqrar-sənaye sektoru ötən illərdə  kompleks islahatlar nəticəsində əsaslı inkişaf yolu keçib. Son 15 ildə Prezident İlham Əliyevin iqtisadi siyasətinin nəticəsi kimi respublikamızın aqrar-sənaye kompleksinin inkişafında əsaslı irəliləyiş baş verib. Dövlət aqrar bölmədə çalışan sahibkarlara yeni texnikaların əldə olunmasına, yanacaq və motor yağlarına, buğda və çəltik səpininə, toxum və ting istehsalına, gübrə satışına və digər məqsədlərə görə yardım və subsidiyalar ayırıb, olduqca güzəştli şərtlərlə kreditlər verib. Fermerlər torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilib. Mütəxəssislərin qənaətinə görə, regionlarda arqoparkların yaradılması, bu çərçivədə müxtəlif beynəlxalq layihələrin həyata keçirilməsi ölkənin ixrac potensialının artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, yüksək məhsuldarlığın əldə olunmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq.

“Made in Azerbaijan” brendi altında ixracyönümlü yerli məhsulların təşviqi yerli şirkətlərin daxili və xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Milli brendlərimizin daha geniş coğrafiyada tanıdılması istiqamətində tədbirlər görülür. Məlumat üçün bildirək ki, ötən il qeyri-neft ixracı 24 faiz artıb,  14 min fiziki və hüquqi şəxs xarici ticarət fəaliyyəti ilə məşğul olub, Azərbaycan 3100 çeşiddə məhsul ixrac edib. 2017-ci ildə 160-dan çox şirkətə ixrac üzrə fərdi qaydada xidmətlər göstərilib, 44 sahibkarlıq subyektinə 2,8 milyon manat ixrac təşviqi ödənilib.

Yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında keçən il bölgələrdə pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə müşavirələrin keçirildiyini söyləyən Prezident bu sahələrdə çox böyük inkişafa nail olduğunu vurğulayıb. Dövlətimizin başçısı bildirdi ki, bu sahələrə göstərilən diqqət həm iş yerlərinin yaradılmasına gətirib çıxarır, həm də ixrac potensialımızı artırır.

Qeyd etmək yerinə düşər ki, ölkədə ixrac potensialının güclənməsində Prezident İlham Əliyevin Sərəncamı ilə ötən il iyulun 14-də təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” da mühüm rol oynayacaq, respublikamızda aqrar sektorun inkişafına əlavə təkan verəcək.

Prezident İlham Əliyev tərəfindən qəbul olunan siyasi qərarlar əsasında həyata keçirilən aqrar islahatların müasir mərhələsində kənd təsərrüfatında kooperasiyanın inkişafı prioritet vəzifələrdən biri kimi müəyyənləşdirilib. Belə ki, dövlət başçısının müvafiq tapşırıqlarının icrası çərçivəsində Azərbaycanda dayanıqlı əsaslara malik kənd yerlərinin inkişafı və ərzaq təhlükəsizliyi sisteminin təmin edilməsi siyasəti çərçivəsində bütövlükdə kənd təsərrüfatı kooperasiyasının inkişafı, o cümlədən kənd təsərrüfatı kooperativləri şəbəkəsinin formalaşdırılması baxımından əlverişli biznes mühitinin yaradılması istiqamətində kompleks islahatların aparılmasına başlanılıb.

Dövlətimizin başçısı Nazirlər Kabinetinin sözügedən iclasında 2018-ci ilin yeni inkişaf istiqamətlərini və hədəflərini də müəyyənləşdirib. Bildirib ki, cari ildə  büdcədən heç bir xərc etmədən sahibkarlara güzəştli şərtlərlə 170 milyon manat kredit veriləcək. Yeni iş yerlərinin açılması istiqamətində işlər davam etdiriləcək. Özünüməşğulluq proqramı üçün 35 milyon manat vəsait nəzərdə tutulub və bu, təqribən 7 min ailənin büdcəsinə böyük dəstək olacaq.

Qeyd edək ki, həyata keçirilən tədbirlər nəticəsində keçən il aqrar sektorda 4,2% artım müşahidə olunub. Cari ildə bu artımın daha çox olması gözlənilir. 2017-ci ildə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 6 mlrd. manat təşkil edib. Bunun təxminən 3 mlrd. manatı heyvandarlıq, 2,9 mlrd. manatı isə bitkiçilik məhsullarının payına düşür. Ötən il 2016-cı ilin müvafiq dövrünə nisbətən 3,5 dəfə çox pambıq, 29,9 min ton çox dən üçün günəbaxan, 2,4 dəfə çox şəkər çuğunduru və 31,2 faiz çox tütün yarpağı yığılıb. Meyvə və giləmeyvə yığımı 4,2%, üzüm 8,8%,  ət istehsalı 3,4%, süd istehsalı 1,2%, yumurta istehsalı 7,3% artıb. Bundan başqa, ölkədə 245,2 ton barama istehsal olunub. Hazırda aqrar sektorda 2018-ci ilin daha məhsuldar olması üçün müvafiq işlər görülür.

Orxan Vahidoğlu, “İki sahil”