21 noyabr 2017 21:03
746

Bərdə pambıqçıları son 20 ilin ən yüksək göstəricisinə nail olublar

Ötən əsrin 70-80-ci illərində ölkədə pambıq istehsalında öndə gedən Bərdə əməkçiləri bu ənənəni davam etdirmək əzmindədirlər. Bu il ötən illə müqayisədə üç dəfə çox - 8518,5 hektarda pambıq becərən bərdəli “ağ qızıl” ustaları gərgin zəhmət hesabına yetişdirilmiş məhsulun toplanışını da nümunəvi təşkil edirlər.

Bərdə Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu günədək tarlalardan 20 min tondan çox pambıq tədarük edilib. Bu, son 20 ildə ən yüksək pambıq istehsalı deməkdir. Hər hektardan orta hesabla 23,5 sentner məhsul götürülüb ki, bu da respublikanın pambıqçılıq rayonları arasında rekorddur.

Hədəf cari ildə 22 min tondan artıq pambıq tədarük etməkdir. Hələ tarlalarda yığılmamış məhsul çoxdur. Bərdə pambıqçıları havaların əlverişli keçməsindən istifadə edərək, hər gün orta hesabla 250-300 ton məhsul tədarük edirlər. Yığılan pambıq əsasən “MKT İstehsalat Kommersiya” MMC-nin Bərdə filialına və “CTS Aqro” MMC-nin Bərdə pambıq istehsalı və emalı zavoduna təhvil verilir.

Qeyd edək ki, sovet dönəmində Bərdə pambıqçılıq sahəsində respublikamızın ən qabaqcıl rayonlardan idi. 1981-ci ildə rayonda 28 min hektar pambıq tarlasından 126 min tona yaxın məhsul tədarük edilmişdi. Lakin 1990-cı illərdən başlayaraq bu sahəyə olan maraq azalmışdı. Dövlətimizin başçısının tapşırıq və göstərişləri nəticəsində artıq rayonda pambıqçılıq yenidən inkişaf dövrünə qədəm qoyub. Rayon sakinlərinin pambıqçılıq sahəsində təcrübəsi, bölgədə olan mövcud pambıq emalı zavodlarının potensialı pambıq istehsalını artırmaq üçün stimul yaradır.