21 noyabr 2017 21:01
827

Fond SKMF-in “Bank Standard”dakı pulunun növbədənkənar verilməsinə münasibət bildirib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktorunun müavini Vüqar Abdullayev İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) ləğv prosesində olan “Bank Standard” QSC-dəki pulunun növbədənkənar verilməsi məsələsinə münasibət bildirib.

“Report” xəbər verir ki, o, bu barədə Bankın Kreditorlar Komitəsinin bu gün keçirilən iclasında danışıb.

ADIF rəsmisinin sözlərinə görə, SKMF-in vəsaiti dövlətə məxsusdur və bu baxımdan, qeyd olunan qurumun “Bank Standard”dakı pulunu Fonddan əvvəl götürməsində qeyri-adi heç nə yoxdur.

Bununla yanaşı, V.Abdullayev deyib ki, hələ ki, SKMF-yə ödəniş edilməyib: “Səslənən fikir, sadəcə, proqnoz göstəricisidir, fakt deyil”.

ADIF-in icraçı direktorunun müavini “Bank Standard”ın müflis olmasında iştirak etmiş Bankın İdarə Heyətinin sabiq sədr müavini Orxan Xubanovu özünə müşavir təyin etməsi ilə bağlı səslənən ittihamlara münasibət bildirib. O deyib ki, əgər adı çəkilən şəxsin qanunsuz addımları olsaydı, məsuliyyətə cəlb edilərdi.