22 oktyabr 2018 14:26
556

Sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə

Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorumaqdadır. Belə ki, bu günlərdə yeni metodologiya  əsasında təqdim edilən Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan institutlar, infrastruktur, İKT-nin istifadə səviyyəsi, səhiyyə, əmək bazarı, biznes dinamikliyi və innovasiya potensialı sütun indikatorları üzrə yüksək nəticələr əldə edib. Sənəddə ölkəmiz dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi qeyd edilib. Azərbaycan əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100 faiz bal almaqla dünyada ilk pilləyə yüksəlib.

İnkişafı şərtləndirən əsas amillərdən biri sosial-iqtisadi islahatların zamanın tələbinə uyğun  təkmilləşməsidir. Diqqət yetirsək, iqtisadi imkanların təqdimatı üçün əsas məkan kimi dəyərləndirilən və ənənəvi   keçirilən Davos Dünya İqtisadi Forumunun hesabat xarakteri daşıyan hər bir iclasına Azərbaycan iqtisadi uğurları ilə qatılıb.  İldən-ilə  müzakirə üçün seçilən mövzular da  özündə günün tələblərini əks etdirməklə yanaşı, səylərin, təcrübə mübadiləsinin birləşdirilməsinin önəminə çağırış edir.   Bu il keçirilən  48-ci  Davos İqtisadi Forumunun Azərbaycan üçün ən mühüm  hadisələrindən biri ölkəmizin inkişaf etməkdə olan ölkələr sırasında inklüziv  inkişaf indeksinə görə 3-cü yeri tutması oldu. Mütəxəssislərin qənaətinə görə, bu göstərici ÜDM göstəricisinə alternativ olmaqla bərabər, daha mütərəqqi, obyektiv və sosial xarakterli inkişaf səviyyəsini özündə ehtiva edir. İnklüziv (hərtərəfli) inkişafın birinci artım və inkişaf hissəsinə ÜDM-in artımı, məşğulluq, əmək məhsuldarlığı və  ömür uzunluğu kimi göstəricilər, ikinci inklüzivlik qrupuna  yoxsulluq və qeyri-bərabərlik səviyyəsi indeksləri, üçüncü qrupa nəsillərarası ədalət, dayanıqlılıq qrupuna əmanətlərin səviyyəsi, demoqrafik gərginlik,  ətraf mühitin çirklənməsinə dair göstəricilər daxil edilir.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək,  inklüziv  inkişaf iqtisadi tərəqqinin daha düzgün mənzərəsini yaratmaqla əhalinin həyat səviyyəsinin yüksəldilməsini təmin etməkdən ibarət olduğunu göstərir. Dünya iqtisadçılarının qənaətinə görə, inklüziv inkişaf dayanıqlı inkişafın mühüm təminatçısıdır.

Azərbaycanın bugünkü inkişaf tempi, daha dəqiq desək, inkişaf modeli beynəlxalq səviyyədə dəstəklənməklə yanaşı, belə bir suala da yol açır: “Biz Azərbaycandan nəyi öyrənməliyik?”

Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim Azərbaycanın bugünkü inkişafına yol açan əsas məqamlar öz əksini tapır. Öncə sabitlik, xalq-iqtidar birliyi önə çəkilir. Digər mühüm məqam isə təbii ki, hədəflərdir. Qarşıya qoyulan məqsəd ona çatmağın yollarını da özündə əks etdirir.  Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bir neçə il bundan öncə  əsas hədəflərimizdən biri yoxsulluq və işsizliyin azaldılması idi. Buna uğurla nail olundu. 

Ölkəmizdə yoxsulluq və işsizlik 5 faiz səviyyəsindədir. Son 15 ildə əhali 1,5 milyon nəfər artıb. Əhalinin artımı yeni  iş yerlərinin yaradılmasının daimi proses olmasını şərtləndirir. Ölkə Prezidentinin qeyd etdiyi kimi, irəli sürülən təşəbbüslər xalq tərəfindən dəstəklənir və cəmiyyətdə xoş ab-hava yaradır. Dövlət yardımına ehtiyacı olanlara geniş sosial dəstək təklif edilir. Özünüməşğulluq proqramı həyata keçirilir.  “Qarşıdan gələn illərdə biz iki il bundan öncə başladığımız dərin və geniş islahatlar siyasətini davam etdirməliyik” söyləyən ölkə Prezidenti İlham Əliyev bildirir ki, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq.

Azərbaycanda mövcud sabitlik, normal iqtisadi mühit ölkəyə investisiya axınını da sürətləndirir. Son 15 ildə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiyanın qoyulması Azərbaycanın bu gününə və gələcəyinə inamı özündə əks etdirməklə yanaşı, normal  biznes mühitinin  mövcudluğunun da göstəricisidir. Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında  Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşıb. Belə yüksək nəticənin əldə olunması  təbii ki, son illərdə  ölkə  Prezidenti  İlham Əliyevin həyata keçirdiyi   iqtisadi islahatların nəticəsidir. Həmin indikatora əsasən, Azərbaycanın mövqeyi biznesə başlamaq üçün tələb olunan günlərin sayı alt-indikatoru üzrə 17-ci, müflisləşmə normativ hüquqi bazası alt-indikatoru üzrə 17-ci, sahibkarlıq riskləri alt-indikatoru üzrə 21-ci və ideyaların şirkətə təsiri alt-indikatoru üzrə 25-ci olub.

Əldə olunan hər bir uğur, eyni zamanda, reytinq  gələcəyə daha  yeni hədəflərlə irəliləməyə əsas verir. Bu günümüzün reallıqları Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizin təsdiqidir.

Yeganə Əliyeva, “İki sahil”