22 noyabr 2018 14:57
2610

YAP-ın ictimai-siyasi həyatda aparıcı yer tutması dövrün məntiqi reallığıdır

Ötən gün Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatında partiyanın yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.  

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Azərbaycan dövlətçiliyinin inkişafında partiyanın xidmətlərindən bəhs edib. O qeyd edib ki, ulu öndər Heydər Əliyev güclü siyasi iradəsi hesabına müasir Azərbaycanın timsalında qüdrətli dövlət yaradıb və xalqımızın taleyində silinməz izlər qoyub.

Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev  bildirib ki, YAP-ın  güclü siyasi təşkilat kimi formalaşması, ölkəmizin ictimai-siyasi həyatında aparıcı yer tutması dövrün məntiqi reallığıdır: “Ulu öndər Heydər Əliyevin  siyasi fəlsəfəsindən səmərəli şəkildə bəhrələnməsi partiyanın qələbələr qazanmasını şərtləndirirdi. Bu gün də YAP möhtərəm Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Partiyamız ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir. Ulu öndərimiz Heydər Əliyevin və cənab Prezidentin siyasətinə sadiq olan Samux sakinləri bundan sonra da bu yola sədaqətlə xidmət göstərəcəklər”.

Tədbirdə, həmçinin YAP Samux rayon təşkilatının Qadınlar Şurasının sədri Kəmalə Xəlilova, Zazalı kənd tam orta məktəbin direktoru Ceyhun Mürsəlzadə və Gənclər Birliyinin fəal üzvü Qurban Həsənov çıxış ediblər. Onlar  partiyanın yaranma tarixi, onun keçdiyi şərəfli inkişaf yolu haqqında fikirlərini bildiriblər.

Sonda ictimai-siyasi fəallığı ilə seçilən bir qrup partiya üzvünə fəxri fərmanlar və hədiyyələr, YAP sıralarına yeni qoşulan şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

Ceyhun Piriyev, “İki sahil”