22 noyabr 2017 00:25
689

Astarada YAP-ın yaradılmasının 25 illiyi qeyd olunub

Noyabrın 21-də Astara Rayon İcra Hakimiyyətində keçirilən toplantıda Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi qeyd olunub.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Toplantıda çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirib ki, 25 il əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası öz məqsəd və amalına sadiq qalan, qarşısına qoyduğu vəzifələri uğurla həyata keçirən güclü bir siyasi təşkilatdır. Ulu öndər Heydər Əliyevin yenidən respublika rəhbərliyinə qayıdışı müasir tariximizin ən şərəfli səhifəsidir. Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən, qətiyyətli siyasəti, zəngin dövlətçilik təcrübəsi dövlət müstəqilliyimizin itirilməsi təhlükəsinin, vətəndaş qarşıdurmasının aradan qalxmasına, sivil əsaslar üzərində müstəqil dövlətin qurulması və möhkəmlənməsinə, sosial-iqtisadi inkişafın təmin edilməsinə və digər mühüm nailiyyətlərin əldə olunmasına imkan verib.

Bildirilib ki, ulu öndər Heydər Əliyev siyasi xəttinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə siyasi və iqtisadi sabitliyə nail olunub, bütün sahələr üzrə köklü islahatlar aparılıb, davamlı sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılıb.

Diqqətə çatdırılıb ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı Astara rayonunda uğurla icra edilir. Dövlətimizin başçısının müvafiq sərəncamlarına əsasən, Astara şəhərində park-bulvar kompleksin tikintisinin yüksək səviyyədə davam etdirilməsi, şəhərin içməli su təchizatının yenidən qurulması və digər tikinti-quruculuq işləri uğurla həyata keçirilir. Minlərlə insanın yaşadığı ərazini əhatə edən, coğrafi relyefi mürəkkəb olan Deqədi-Pəlikəş avtomobil yolunun açılışından sonra daha geniş və mürəkkəb dağ ərazisi olan Toradi-Taxtanakəran avtomobil yolunun çəkilişi artıq yekunlaşıb. Böyük əhəmiyyətə malik, uzunluğu 174 kilometr olan Ələt-Astara avtomobil yolunun tikintisi turizmin, kənd təsərrüfatının, eləcə də iqtisadiyyatın bütün sahələrinin inkişafına təkan verəcək.

Toplantıda YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədovun Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü ilə bağlı məruzəsi dinlənilib.

Astara Rayon Ağsaqqallar Şurasının üzvü Hamlet Əliyev, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev, Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova, Ağsaqqallar Şurasının üzvü Sabir Fətullayev, YAP Astara rayon təşkilatının Gənclər Birliyinin üzvü İsmət Quliyev və başqaları çıxış ediblər.

Toplantıda YAP Astara rayon təşkilatının üzvlərinin bir qrupuna fəxri fərman və hədiyyələr, partiya sıralarına daxil olan gənclərə vəsiqələr təqdim olunub.