22 yanvar 2018 23:30
1459

Köklük və arıqlıq reytinqində hansı ölkələr öncüldür?

Dünya Səhiyyə Təşkilatı (DST) piylənməni “XXI əsrin epidemiyası” adlandırıb. Hazırda dünya əhalisinin 7 faizi həddindən artıq köklükdən əziyyət çəkir. Onların 20 milyonu 5 yaşa qədər olan uşaqlardır.

DST-nin məlumatına görə, Qərbi Avropa ölkələrinin əksəriyyətində yaşlı əhalinin 9-20 faizi piylənmə və 25 faizindən çoxunda artıq bədən çəkisi var. ABŞ-da isə müvafiq olaraq 25 və 50, Azərbaycanda isə əmək  qabiliyyətli insanların orta hesabla 30-40 faizi artıq çəkiyə malikdir.

DST ekspertləri tərəfindən xəstəliyin hazırkı inkişaf tempinin saxlanıldığı halda 2025-ci ilə kimi dünyada piylənmədən əziyyət çəkən insanların sayının bir qədər də artacağı planlaşdırılır. Piylənmə çox vaxt ağır patalogiyalarla müşayiət olunaraq ömrü qısaldır və onun keyfiyyətinin pisləşməsinə səbəb olur. Müxtəlif ölkələrdə piylənmə və artıq çəkinin yaratdığı xəstəliklərin müalicəsinə çəkilən xərc bütövlükdə səhiyyə sisteminə ayrılan vəsaitin 8-10 faizini təşkil edir.

Piylənmə diaqnozunun qoyulması və dərəcəsinin təyin olunması üçün bədən çəkisi indeksi adlanan termindən istifadə olunur. Bunu hər bir kəs öz bədəninin kiloqramlarla ifadə olunan çəkisini boyunun metrlə ifadə olunan ölçüsünün kvadratına bölməklə asanlıqla hesablaya bilər. Bədən çəkisi indeksinin 18,5-24,9 həddində olması normal hal hesab edilir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin son məlumatlarında respublikamızda qadınların təxminən üçdə bir hissəsində (30 faiz) artıq çəki və piylənmənin qeydə alındığı öz əksini tapıb. Özü də bu problem əsasən 45-64 yaşlılar arasında müşahidə edilir.

Ümumiyyətlə, piylənmə və köklük ürək-damar sistemi, onkoloji, şəkərli diabet, ağciyərin xroniki xəstləliklərinin inkişafına şərait yaradan əsas amillərdən biridir. Onun qarşısının alınmasında bəzi insanlar həkim rəyi olmadan müxtəlif dərmanlardan, bitki çaylarından, pəhrizlərdən, masajlardan istifadə edirlər. Bunlar da əksər hallarda digər xəstəliklərin yaranması ilə nəticələnir. Ona görə də həkimlər hər bir orqanizmin xüsusiyyətlərinə uyğun olaraq fərdi rejim və metodun seçilməsinin vacibliyini bildirirlər. Ümumiyyətlə, mütəxəssislər arıqlamanın ən sadə və rahat yolunu hərəkətdə - piyada gəzməkdə və qida rejiminə riayət etməkdə görürlər.

Xatırladaq ki, “Forbes” jurnalı hər il artıq çəkiyə malik vətəndaşlarının sayına görə dünya ölkələrinin reytinqini dərc edir. Reytinq cədvəlində 194 ölkə arasında Azərbaycan 53-cü yerdədir. ABŞ 74,1, Rusiya 49,1, Belarus 66,7 faizlə müvafiq olaraq 9, 92 və 22-ci yerdədirlər. Yer kürəsinin ən arıq insanları isə Eritreyadadır. Əhalisinin yalnız 4,4 faizinin kök olduğu qeydə alınan Eritreya reytinq cədvəlində sonuncu yerdədir (194-cü yer).

Cavid Əkbərov, “İki sahil”