17 yanvar 2018 00:58
2651

BSU “Elektron universitet” layihəsinə qoşulur

Yanvarın 16-da Bakı Slavyan Universitetində (BSU) “Ali Təhsilin İnformasiya Sistemi” (ATİS) layihəsi çərçivəsində tədbir keçirilib. Layihədə Təhsil Nazirliyinin təşəbbüsü ilə ali təhsil müəssisələrində vahid və mərkəzləşdirilmiş məlumat bazasının yaradılması nəzərdə tutulur.

BSU-dan bildirilib ki, tədbirdə bu universitetin rektoru, professor Nurlana Əliyeva Azərbaycanda elektron cəmiyyət və elektron hökumət yaradılması istiqamətində görülən mühüm işlərdən danışıb. Vurğulanıb ki, elektron universitet sisteminə qoşulmaq artıq dövrün tələbinə çevrilib. Bu sistem ali təhsil müəssisəsinin fəaliyyətinə yüksək təsir edəcək. Azərbaycan təhsilinin dünya təhsil sisteminə sürətlə inteqrasiya etdiyini deyən N.Əliyeva BSU-nun regionda tutduğu nadir mövqedən, bu ali təhsil ocağının dünya universitetləri ilə sıx əməkdaşlığından söz açıb. Vurğulanıb ki, bu ali təhsil ocağında elektron universitet proqramının tətbiqi həm müəllimlər, həm də tələbələr üçün səmərəli olacaq, BSU-nun fəaliyyətinin optimallaşdırılmasında, sürətləndirilməsində və tam avtomatlaşdırılmasında mühüm rol oynayacaq.

Təhsil Nazirliyinin nümayəndəsi Vüsalə Qurbanova ATİS layihəsinin həyata keçirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Qeyd edilib ki, layihənin əsas məqsədi ali təhsil müəssisəsində təhsilin informasiya idarəetmə platformasının yaradılması və tətbiqidir. V.Qarayeva bildirib ki, layihənin həyata keçirilməsi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş hədəflərə nail olunmasına və müasir informasiya-kommunikasiya texnologiyalarına əsaslanan yeni təhsil idarəetmə sisteminin formalaşdırılmasına töhfə verəcək. Layihənin “Neuron Technologies” şirkəti tərəfindən icra olunduğunu deyən V.Qarayeva diqqətə çatdırıb ki, bu təşəbbüsün səmərəli və vaxtında həyata keçirilməsini təmin etmək məqsədilə universitetdə məsul şəxslər və müvafiq işçi qrupu şirkətin əməkdaşları ilə birgə fəaliyyət göstərəcəklər.

“Neuron Technologies” şirkətinin direktoru İsmayıl Ələkbərov elektron universitet proqramına keçidin qazandıracağı üstünlüklərdən danışıb. Bildirilib ki, “Unibook” – təhsilin informasiya idarəetmə sisteminin tətbiqi, həmçinin tələbələrin və müəllimlərin elektron məlumat bazasının yaradılmasını, tədris prosesinin, təhsilin məzmununun və insan resurslarının elektron idarə olunmasını təmin edəcək. “Unibook”a daxil olmaq istəyən tələbə və müəllimlərə verilən online giriş imkanı ilə onlar istənilən məlumatı öyrənə biləcəklər. Hazırda geniş tətbiq olunan “Unibook” platforması “Made in Azerbaijan” brendi altında xarici ölkələrə də ixrac edilməyə başlanıb.

“Neuron Technologies” şirkətinin layihələr üzrə rəhbəri Tural Mövsümzadə diqqətə çatdırıb ki, tələbələrə həmin portala giriş imkanı verilir. Belə ki, hər bir tələbənin giriş üçün xüsusi şifrəsi olacaq. Beləcə tələbələr istədikləri zaman “Unibook”da dərs cədvəlləri, fənn proqramları, elektron vəsaitlərlə tanış olub istədikləri məlumatı öyrənə biləcəklər. Sistemin istifadə qaydaları ilə iştirakçıları tanış edən T.Mövsümzadə bildirib ki, dərslərin mövzusu müəllimlər tərəfindən doldurulacaq. Tələbələr “Unibook”a daxil olaraq imtahan nəticələri və topladıqları ballar haqqında da məlumat əldə edəcəklər.

Sonda müvafiq mövzu ətrafında müzakirələr aparılıb, bir sıra təkliflər irəli sürülüb, suallar cavablandırılıb.