18 aprel 2018 23:08
920

Nazir Yukio Amano ilə görüşüb

Azərbaycan ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında mövcud əməkdaşlıq əlaqələri müzakirə olunub

Azərbaycanın xarici işlər naziri vəzifəsini icra edən Elmar Məmmədyarov Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukio Amano ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Elmar Məmmədyarov Azərbaycan və Beynəlxalq Atom Enerjisi Agentliyi arasında mövcud effektiv əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Agentliyin fəaliyyət və yardımının Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Görüşdə Beynəlxalq Atom Enerjisi Agentliyi ilə Texniki Əməkdaşlıq Proqramı çərçivəsində ölkəmizdə həyata keçirilmiş 22 layihə və icra edilməkdə olan 9 layihənin Azərbaycanın inkişafı və müvafiq qurumların imkanlarının gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Azərbaycanın milli tədqiqat reaktorunun yaradılmasında, istifadə edilməsində və kadrların hazırlanmasında Beynəlxalq Atom Enerjisi Agentliyinin dəstəyi yüksək qiymətləndirilib. Tərəflər sülh məqsədləri üçün nüvə texnologiyasının tətbiqinə toxunaraq, səhiyyə, kənd təsərrüfatı, neft sənayesi kimi sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.

Söhbət zamanı nüvə reaktorlarının təhlükəsizliyi məsələsindən danışan Elmar Məmmədyarov Ermənistanda yerləşən, bölgəmiz üçün ciddi təhlükə mənbəyi olaraq köhnəlmiş Çernobıl texnologiyası əsasında fəaliyyət göstərən “Metsamor” AES-in istismarından irəli gələn təhlükələri diqqətə çatdırıb. Həmçinin o, "Metsamor" AES-in nüvə və radioaktiv maddələrin qaçaqmalçılığı baxımından ciddi təhlükə mənbəyi olduğunu vurğulayaraq, nüvə təhlükəsizliyi konsepsiyası çərçivəsində Agentlik tərəfindən bu istiqamətdə zəruri addımların atılmasının vacibliyini qeyd edib.

Görüşdə beynəlxalq nüvə təhlükəsizliyi, dinc məqsədlərlə nüvə texnologiyasından istifadə edilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.