27 sentyabr 2017 20:16
583

ABŞ qaçqın qəbulu limitini azaltmağa hazırlaşır

ABŞ hökuməti 2018-ci ildə ölkəyə gələ biləcək qaçqınların sayını 45 min nəfərə qədər azaltmaq qərarına gəlib. Bu, 2006-cı ildən bəri ən aşağı göstəricidir.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyada uzunsürən danışıqlardan sonra qəbul olunan bu qərarı həftə sonunadək elan edəcəyi gözlənilir.

Barak Obama Amerika administrasiyasına rəhbərlik etdiyi 2016-cı maliyyə ilində ABŞ təxminən 85 min qaçqın qəbul etmişdi. Ölkəyə qaçqın və qanunsuz mühacir axınının azaldılması Trampın seçkiqabağı kampaniyasının əsas elementlərindən biri olub.

ABŞ administrasiyasının qaçqın qəbuluna məhdudiyyət qoyduğu 1980-ci ildən indiyədək bu limit 67 min nəfərdən aşağı düşməyib, 1990-cı illərin əvvəllərində isə 110 min nəfərə çatıb.