25 sentyabr 2017 15:44
473

Almaniyada parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

Almaniya Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin ilkin nəticələrini dərc edib: Bundestaqa 6 partiya keçir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, seçkilərdə ən çox səsi “Almaniya Xristian-Demokratik İttifaqı/Xristian-Sosial İttifaqı” (XDİ/XSİ) bloku qazanıb – 33 faiz. Onun ardınca Sosial-Demokratik Partiyası (SDP, 20,5 faiz), Almaniya üçün Alternativ (AfD, 12,6 faiz) Azad Demokratik Partiyası (AzDP, 10,7 faiz), “Solçular” (9,2 faiz) və “Yaşıllar” (8,9 faiz) gəlir.

Digər partiyalar Bundestaqa daxil olmaq üçün 5 faizlik səddi keçə bilməyib. İlkin məlumata əsasən, seçkilərdə səsvermə hüququ olan əhalinin 76,2 faizi iştirak edib.

Beləliklə Bundestaqda XDİ/XSİ 200, SDP – 153, AfD – 94, AzDP – 80, “Solçular” – 69 və “Yaşıllar” – 67 yer qazanıb. Angela Merkel və Horst Zeehoferin partiyalarından ibarət alyans ötən seçkilərlə müqayisədə parlamentdə 65 mandat itirib.

Sentyabrın 24-də Almaniyada ultra-sağçı “Almaniya üçün Alternativ” partiyasının parlamentə keçməsinə etiraz əlaməti olaraq aksiyalar keçirilib. Merkelin özü bu partiyanın nəticələrini “sınaq” adlandırıb.