22 sentyabr 2017 20:00
989

İtxiyarı zəhərli olsa da, bir sıra xəstəliklərdə tətbiq edilir

Əsasən əl-ayaqdan uzaq yerlərdə, hətta zibilliklərdə bitən itxiyarının bəzən "dəli xiyar" və "atılan" adlandırılması təsadüfi deyil. Çox vaxt kənd yerlərində valideynlər bağ-bağçada və meşədə uşaqların gözdən uzağa getməməsi üçün onun yetişmiş meyvələrinin partlayıb ətrafa dağılması ilə qorxudurlar. Lakin burada bir həqiqət də var: itxiyarının yetişmiş meyvələrinə toxunanda saplağından qopur, toxumu içərisindəki acı maye ilə birlikdə ətrafa yayılır...

AZƏRTAC xəbər verir ki, itxiyarı çox zəhərli olsa da, az miqdarda dərman kimi istifadə edilməsi mümkündür. Müalicə məqsədi ilə daha çox bitkinin yetişməmiş meyvələri, bəzən də yarpaq, zoğ və köklərinin şirəsi, dəmləməsi, onlardan alınan yağ və cövhərdən istifadə olunur. Zəhərli olduğuna görə onun preparatları ilə son dərəcə ehtiyatlı davranmaq lazımdır. Müalicə müddətində xəstənin vəziyyətinə və əhvalının dəyişməsinə xüsusi diqqət yetirilməlidir. Hamiləlik və südvermə zamanı onun tətbiqi yolverilməzdir. Meyvələrinin şirəsi sıxılanda əllərə nazik əlcək geyinilir, çünki onun dəriyə düşməsi kimyəvi yanıq törədir, dəri suluqlanır və yara açılır.

İtxiyarının preparatları müxtəlif mənşəli şişlər, virus hepatitləri, qaraciyər mənşəli sarılıqlar, böyrək xəstəlikləri, malyariya, amenoreya, uşaqlığın fibromioması xəstəliklərində, həmçinin diareya və bağırsaq sancıları zamanı faydalı təsir göstərir. Revmatizm, nevralgiya, işias, trofik xoralar, dərinin göbələk xəstəlikləri və haymoritdə isə xaricə tətbiq edilir. İtxiyarının yağı babasilin müalicəsində təsirli vasitələrdən biri sayılır.