21 sentyabr 2017 18:10
536

Yevlax: pambıqyığan maşınlar tarlalara çıxarılıb

Yevlax rayonunun pambıq istehsalçıları bir neçə gündür ki, məhsul yığımına başlayıblar.

Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a bildiriblər ki, bu il rayonda 2168 hektar sahədə pambıq becərilib. Bu, ötən ildəkindən 733 hektar və ya 1,5 dəfə çoxdur. “MKT İstehsalat Kommersiya” MMC-nin Yevlax filialı və “Yevlax Kənd Təsərrüfatı” MMC ilə bağlanmış müqavilələrə əsasən fermerlər texnika, toxum, gübrə və kimyəvi preparatlarla təmin edilib. Rayondakı pambıq qəbulu məntəqəsində tikinti-abadlıq və yenidənqurma işləri aparılıb.

Pambıqçılıqla məşğul olan fermerlər az vaxtda 60 tondan artıq məhsul toplayaraq, qəbul məntəqəsinə təhvil veriblər. Tarlalarda məhsulun bolluğu deməyə əsas verir ki, bu il Yevlaxda 5 min tona yaxın pambıq tədarük ediləcək.

“MKT İstehsalat Kommersiya” MMC-nin Yevlax filialının direktoru Şaban Həsənov pambıqçılıqla məşğul olan fermerlərin ilbəil artdığını, pambıq tarlalarının genişləndiyini bildirib: “Əgər 2016-cı ildə 85 nəfərlə müqavilə bağlanmışdısa, bu il 215 nəfərlə müqavilə imzalanıb. Tarlalara məhsuldar toxum səpilib. Yaxşı çıxış alınıb, barlı kollar yetişib. Məhsulu itkisiz və tez bir zamanda yığmaq üçün 450 hektarda pambığın yarpaqlarının kimyəvi yolla tökdürülməsi (defoliasiya) həyata keçirilib. Bu gündən başlayaraq isə tarlalara pambıqyığan maşınlar da çıxarılıb”.