19 aprel 2018 00:02
1193

Erməni xalqı Sarkisyanın hakimiyyəti yenidən zəbt etməsi ilə barışmır

Son günlər Ermənistanda eks-prezident Serj Sarkisyanın baş nazir vəzifəsinə seçilməsinə qarşı başlanan ümumxalq etiraz aksiyaları aprelin 17-də daha da şiddətlənib. Çünki həmin gün Ermənistan parlamentinin deputatları ilk baş naziri seçməyə toplaşmışdılar. Deputatlar məsələnin müzakirəsi ilə məşğul olduqları saatlarda İrəvanın küçələri minlərlə etirazçı ilə dolu idi.

Onlar parlament binasına daxil olmaq və seçkini dayandırmaq üçün ardı-arası kəsilməyən həmlələr edirdilər. Hər yerdə qəzəbli kütlələrin qarısının alınması üçün əvvəlcədən təşkil edilmiş polis kordonları, zirehli texnika yerləşdirildiyindən etirazçılar bütün istiqamətlərdə döyülərək geri qovulurdular. Polislə əlbəyaxa döyüşlər, etirzçıların zorla tutulub müxtəlif istiqamətlərə aparılması, qışqırıqlar, çağırışlar, uğultu, ajiotaj əsl inqilabı xatırladırdı.

İrəvandakı aksiyalar kortəbii olmayıb Sarkisyanın əleyhdarları tərəfindən idarə olunurdu. Aksiyaların təşkilatçılığını “Vətəndaş dialoqu” Partiyasının rəhbəri və “Yelk” fraksiyasının üzvü Nikol Paşinyan öz üzərinə götürərək ölkədə demokratik, rəngli və dinc inqilabın başlandığını elan edib. O, bəyan edib ki, geri çəkilməyəcək, mübarizələrini qalib gələnə qədər davam etdirəcəklər.

Həmin saatlarda parlamentin tribunasına çıxan Serj Sarkisyan bildirib ki, deputatların əksəriyyəti onun namizədliyini dəstəkləyib və o, baş nazir kimi ölkənin inkişafına xidmət etməyə hazırdır. Onun özünü rahat hiss etməsindən belə görünürdü ki, paytaxtın küçə və meydanlarında onun əleyhinə təşkil edilən inqilabi çıxışlardan xəbəri yoxdur.

Əslində də belə olub. Ancaq Serj Sarkisyan etirazların belə böyük miqyasda olacağını düşünməyib. Sarkisyan ona əks qütbdə duran “Vətəndaş dialoqu” Partiyasının gücünü düzgün qiymətləndirməyi bacarmayıb. Naşı lidercik elə hesab edib ki, Nikol Paşinyan baş nazir seçkisinə heç bir təsir göstərə bilməz, yəni xalq kütlələri onun çağırışlarına qoşulmaz. Ancaq göründüyü kimi, indi Nikol Paşinyanın ətrafında kifayət qədər böyük kürlə toplanıb və bu qüvvə hakimiyyəti iflic vəziyyətə sala biləcək gücə malikdir. Düzdür, Paşinyanın partiyası böyük elektorata malik olmasa da, Sarkisyan rejimindən narazı qalan kütlələr də onun ətrafında birləşiblər.

Siyasətdə səriştəsi olmayan Sarkisyan ağlına gətirə bilməyib ki, ətrafında onu əhatə edən çoxlu sayda düşmənləri var və ona qarşı birləşə bilərlər. Məlumdur ki, Rusiyada və Qərbdə müəyyən siyasi dairələr var ki, onlar Serj Sarkisyanın baş nazir vəzifəsinə seçilməsində maraqlı deyillər.

Ermənistanda yeni baş nazir postuna bir neçə şəxs iddialı idi və onların hər biri müəyyən gücə malikdirlər. Onlardan biri Karen Karapetyandır. Sarkisyan keçən il söz vermişdi ki, prezidentlik kürsüsünü ona verəcəkdir. Ancaq vəd yalan çıxdı və Karapetyan ona badalaq gələn Serjə qarşı düşmənə çevrildi. İrəvanda başlanan inqilabın arxasında hansısa gizli gücün dayandığı açıqca görünür və həmin gücün yalnız Karen Karapetyan və komandasının ola biləcəyi versiyası həqiqətə daha çox uyğundur. Məlumdur ki, Karapetyanın həm Rusiyada, həm də Qərbdə nüfuzlu dairələrlə yaxın münasibətləri və əlaqələri var.

Sarkisyandan narazı güclərin arasında vaxtilə vəzifədən çıxarıb bekar qoyduğu adamlar da cəmləşə bilər. Məsələn, Seyran Ohanyan, Vardan Oskanyan və başqaları inqilabçılara dəstək verə bilərlər. Ehtimal olunur ki, gizli ssenarinin həmmüəllifləri elə onlardır.

Serj Sarkisyan özünü baş nazir elan etsə də bu postda hələ möhkəm deyil. İnqilabçılar şiddəti artırsalar hakimiyyət çevrilişinə nail ola bilərlər. Hadisələrin gedişi göstərir ki, paşinyançılar bu məqsədlə mübarizəni daha da gücləndirməyə çalışırlar.

Siyasi şərhçilər və politoloqlar belə versiya irəli sürürlər ki, inqilabın rəhbəri Nikol Paşinyanın ABŞ vətəndaşı olması belə təəssrat yaradır ki, okeanın o tayında Serj Sarkisyanı Rusiyapərəst və aciz dövlət başçısı olduğu üçün qəbul etmirlər. Belə çıxır ki, Ermənistanda rəngli inqilabın ssenarisi ABŞ-da hazırlanıb.

Qeyd edilməlidir ki, İrəvanda başlanan rəngli inqilaba forpost dövlətin bir neçə bölgəsində əks-səda verilib. Bu isə hadisələrin hələ uzun müddət davam edəcəyini göstərir. Ola bilər ki, ölkənin hər yerində başlanan etirazlar ümumi böhran yaradar və hakimiyyət dəyişikliyi qaçılmaz olar. Etirazçılar çalışırlar ki, rəngləri daha da tündləşdirsinlər və Sarkisyan məcbur qalıb silaha əl atsın. Çünki ermənilər bilirlər ki, hakimiyyət hərisi olan Sarkisyan onu sakit şəkildə əldən verməyəcək.

Ancaq 2008-ci ildə qan tökən Sarkisyan bu dəfə də qan töksə hakimiyyətinin sonu çatacaq. Xatırladaq ki, Sarkisyan 2008-ci ildə ona qarşı kütləvi surətdə çıxış edən aksiyaçıları gülləbaran etdirmiş və nəticədə bir neçə nəfər həlak olmuşdu. O vaxtdan ermənilər Sarkisyanı “qanlı Serj” adlandırırlar.

İrəvanda siyasi böhran hələ səngimək bilmir, polis qüvvələri ilə qarşıdurma intensivləşir. Gizli ssenari üzrə davam edən hadisələrin nə ilə nəticələnəcəyi isə yəqin ki, yaxın günlərdə məlum olacaq.

Vəli İlyasov, “İki sahil”