21 sentyabr 2017 00:20
378

Ermənistan mediasında müharibə qorxusu

Bütün beynəlxalq təşkilat və qurumların tələb və çağırışlarına məhəl qoymayaraq Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanın kütləvi informasiya vasitələri bu günlərdə yenidən həyəcan təbili çalmağa başlayıblar. “Azərbaycan sürətli müharibəyə hazırlaşır” yazan erməni mətbuatını qorxuya salan səbəb Azərbaycanın artilleriya gücünü artırmasıdır.

Məlum olduğu kimi, Azərbaycan və Çex respublikaları arasında əldə olunan razılığa əsasən, Çexiya 2018-ci ilə qədər 30-a yaxın “Dana” adlı artilleriya qurğusunu müasirləşdirilmiş formada Azərbaycana təhvil verməli idi. Artıq bu qurğuların bir hissəsinin ölkəmizə çatdırıldığı bildirilir. Ermənistanda təşviş yaradan da məhz silahların Azərbaycana təhvil verilməsinə başlanmasıdır.

Bildirək ki, “özüyeriyən cəhənnəm”, yaxud da “təkərlər üzərində yeriyən cəhənnəm” də deyilən “Dana” artilleriya qurğuları dağıdıcı gücü ilə seçilir. Döyüş komplekti 60 mərmi olan bu qurğu 7 dəqiqə ərzində 30 mərmi atmaq qabiliyyətinə malikdir. Əslində erməni hərbçilərinin belə silahdan qorxmamaları mümkün deyil.

Ermənistanlı siyasi şərhçi Sarkis Artsruni belə hesab edir ki, danışıqların nəticə vermədiyini görən rəsmi Bakı ərazilərin azad olunması üçün müharibəyə hazırlaşır: “Əgər belə olmasaydı, “Dana”ların bir qismi vaxtından əvvəl alınmazdı. Görünür, güc variantı boş söz yox, realdır”. Azərbaycan Ordusunun 15 minlik canlı qüvvə ilə təlimə başladığı gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın İrəvanda erməni diasporu ilə görüşdə səsləndirdiyi fikirlər də diqqət çəkicidir. Nalbandyan bildirib ki, danışıqlarda Qarabağətrafı ərazilərin Azərbaycana qaytarılması müzakirə olunur: “Detalları açıqlasam, onda gərək danışıqlar dayansın”. Erməni nazirin bu açıqlaması ordumuzun keçirdiyi təlimlərin İrəvanda qorxu yaratmasının birbaşa isbatıdır. Görünür, Ermənistan rəsmiləri qorxularından tələm-tələsik mülayim açıqlamalar verməyə başlayıblar.

Bu iki faktdan görünən odur ki, işğalçı ölkə yaxşı anlayır ki, həqiqətən də Azərbaycan xalqının səbri tükənib və tarixi torpaqlarımızın işğal altında qalması nə Ermənistana, nə də erməni xalqına yaxşı heç nə vəd etmir. Onsuz da iqtisadiyyatı çökmüş bir ölkənin daxilində cərəyan edən özbaşınalıq və anarxiya, Sarkisyan iqtidarının xalqın qanını içməsi fakt olaraq qalmaqdadır. Onlar yaxşı anlayırlar ki, Azərbaycan Ordusu torpaqlarının azad edilməsi istiqamətində bütün səylərini artıracağı təqdirdə Ermənistan buna tab gətirə bilməyəcək. Əksər erməni KİV-ləri ölkələrinin diplomatik çərçivədə uduzduğunu etiraf edirlər. Hər halda, işğalçı ölkənin kütləvi informasiya vasitələrinin nümayəndələrinin də Ermənistan hökuməti və ordusunun əsgərləri kimi, Azərbaycanın hərbi gücündən ciddi narahat olduqları aşkardır.

Taleh Bağırov, “İki sahil”