13 oktyabr 2017 16:02
441

Heydər Əliyev siyasəti Azərbaycan təhsilinin uğur strategiyasıdır

Ötən gün Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatının rayon Təhsil şöbəsi ərazi ilk partiya təşkilatında partiyanın yaranmasının 25 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev siyasəti Azərbaycan təhsilinin uğur strategiyasıdır” mövzusunda tədbir keçirildi.

Rayon Təhsil şöbəsinin müdiri Elnur İsmayılov hər kəsi Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə təbrik etdi. E.İsmayılov YAP-ın 25 il ərzində ümumxalq partiyasına çevrildiyini, bütün bu müddət ərzində Azərbaycanın inkişafı naminə çalışdığını bildirdi. O, tarixə qısa ekskursiya edərək partiyanın yaranması tarixindən danışdı, 1990-cı ilin əvvəllərində Azərbaycanın dərin böhran vəziyyətində olduğunu, bu böhrandan xalqı və dövləti ulu öndər Heydər Əliyevin çıxardığını, xalqın ziyalılarının müraciəti ilə 1992-ci il 21 noyabr tarixində Azərbaycanın taleyində çox mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yarandığını bildirdi.

YAP Göyçay  rayon təşkilatının sədri Sahib Şükürov bildirdi ki, tarixdə elə şəxsiyyətlər olur ki, onların həyat və fəaliyyəti bütöv bir xalqın, dövlətin inkişaf yolunu müəyyənləşdirir: “Belə nadir şəxsiyyətlərdən biri də ötən əsrin və yeni minilliyin görkəmli siyasi və dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu Öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir. Dahi rəhbər deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır.” Ulu Öndərimiz həm təhsilin məzmunu, mahiyyəti, məqsədləri, səmərəli təşkili, müəllim əməyinin şərəfi, şagirdlərin və tələbələrin vəzifələri barədə dəyərli fikirlər söyləmiş, həm də Azərbaycan təhsilinin hərtərəfli yüksəlişi qayğısına qalmış, illər boyu bu sahədə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirmişdir.”

Tədbir iştirakçılarından Aynur Mahmudova, Şəmsiyyə Cəlilova, Akif Qəribov və digərləri qeyd etdilər ki, yeni təhsil müəssisələrinin yaradılması, məktəblərin müasir tədris vasitələri ilə təmin edilməsi, şagirdlərin dövlət hesabına pulsuz dərsliklərlə təmin olunması, müəllim əməyinin yüksək qiymətləndirilməsi, istedadlı gənclərə böyük dövlət qayğısının göstərilməsi, onların xaricdə təhsilə göndərilməsi və digər sahələrdə də Ümummilli Liderimizin misilsiz xidmətləri müstəqil Azərbaycanda təhsil siyasətinin geniş üfüqlərindən soraq verir.

Orxan Vahidoğlu,

“İki sahil”