13 oktyabr 2017 16:33
742

YAP Nəsimi rayon təşkilatında gənclərlə görüş

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illik yubileyi partiyanın Nəsimi rayon təşkilatı tərəfindən silsilə tədbirlərlə qeyd edilir. Ötən gün YAP Nəsimi rayon təşkilatının qərargahında veteran gənclərlə bu günün gənclərinin görüşü təşkil edildi.

YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirdi ki, ümummilli lider Heydər Əliyevin qətiyyəti və iradəsi ilə yaradılmış Yeni Azərbaycan Partiyası bu gün həm ölkə daxilində, həm də regionda lider partiyaya çevrilib: “Hər il YAP-ın yaranmasının ildönümü ölkəmizdə yüksək səviyyədə qeyd edilir. Ulu öndər Heydər Əliyevin ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası cənab Prezident İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçib. Bu gün YAP xalqımızın milli maraqlarını ifadə edən yeganə siyasi qüvvədir. Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla irəliləməkdə, inkişafını davam etdirməkdədir”.

Milli Məclisin deputatı Şahin İsmayılov gənclərin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakından danışaraq qeyd etdi ki, Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdən biri kimi diqqətdə saxlanılır: “Bu yöndə aparılan konkret fəaliyyətin nəticəsidir ki, hazırda Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb”.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, YAP Nəsimi rayon təşkilatının sədr müavini, Bakı Ali Neft Məktəbinin Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov və digər çıxış edənlər Yeni Azərbaycan Partiyasının fəaliyyətindən, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan geniş danışdılar. Bildirildi ki, ölkəmizdə əldə olunan uğurlar YAP-ın monolit partiya olduğunu sübut edir. Qeyd olundu ki, YAP müstəqilliyimizlə bərabər addımlayıb və artıq 25 ildir ki, sədaqətli insanları ətrafında birləşdirir.

Sonda ölkəmizin ictimai-siyasi həyatında fəallıq göstərən gənclərə YAP Nəsimi rayon təşkilatı tərəfindən hədiyyə və təşəkkürnamələr təqdim edildi.

Cavid Əkbərov,

“İki sahil”