19 yanvar 2018 18:39
1186

Ümumxalq Hüzn Günündə paytaxtda 8 dərəcə isti olacaq

Azərbaycanda yanvarın 20-si Ümumxalq Hüzn Gününə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Bəzi yerlərdə zəif duman, gecə çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclü olacaq.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 2-4°, gündüz 6-8° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında ayrı-ayrı yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, günün ikinci yarısında əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 3-8°, gündüz 0-3° şaxta olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, yanvarın 20-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun bir qədər enməsi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Sinoptiklərin xəbərdarlığına əsasən, yanvarın 20-də Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu 3-5° aşağı enəcək.