16 aprel 2018 18:21
934

Azərbaycan təhsilinin uğurlarında xidmətləri olan qadın alim

Bakı Slavyan Universitetinin (BSU) ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru, Əməkdar Müəllim Bella Sirac qızı Musayevanın anadan olmasının 75 illiyi tamam olur.

B.Musayeva 1943-cü il aprelin 1-də Bakıda hüquqşünas ailəsində doğulub. 1965-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) fərqlənmə diplomu ilə bitirib, bu ali məktəbdə laborant, daha sonra baş laborant vəzifəsində işləyib. 1968-1971-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) aspiranturasında təhsil alıb. 1972-ci ildə MDU-da “Müasir Azərbaycan dramaturgiyasında yeni insan surəti” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Moskvada təhsilini başa vurub Bakıya qayıdan B.Musayeva doğma institutun ədəbiyyat nəzəriyyəsi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.

Elmi yaradıcılığını böyük həvəslə inkişaf etdirən Bella xanım 1992-ci ildə MDU-nun filologiya fakültəsinin elmi şurasında “Müasir Azərbaycan dramaturgiyasının əsas inkişaf tendensiyaları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

B.Musayeva 1988-ci ildən Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun ədəbiyyat nəzəriyyəsi kafedrasının dosenti,1992-ci ildən isə professorudur. O, yeddi il BSU-nun filologiya fakültəsinin dekanı vəzifəsində çalışıb. İctimai işlərdə də fəallıq göstərən B.Musayeva 2003-cü ildə Yeni Azərbaycan Partiyası BSU ilk təşkilatının sədri seçilib və 2007-ci ilədək bu vəzifəni icra edib. 2007-ci ilin sentyabrında Azərbaycan dili və mədəniyyəti fənnini tədris etmək məqsədilə Moskva Dövlət Linqvistika Universitetinə (MDLU) ezam olunub, eyni zamanda, MDLU-da Azərbaycan dili və mədəniyyəti mərkəzinin direktoru kimi fəaliyyət göstərib. Moskvada çalışdığı dövrdə Azərbaycanın Rusiyadakı səfirliyi və MDLU-nun rəhbərliyi tərəfindən bir sıra mükafatlara layiq görülüb.

BSU-nun ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Naida Məmmədxanova B.Musayeva haqqında xoş sözlərini dilə gətirir: “Azərbaycan təhsilinin, elminin inkişafında qadınların rolu çox böyükdür. Bu gün onlar həmin sahələrdə həyata keçirilən işlərdə fəal iştirak edir, uğur qazanır, eyni zamanda, cəmiyyətin inkişafına əvəzsiz töhfələr verirlər. Anadan olmasının 75 illiyini böyük sevgi ilə qeyd etdiyimiz Bella Musayeva da təhsilimizin uğurlarında xidmətləri olan belə fədakar qadınlarmızdandır.

Professor B.Musayeva iki əsas xüsusiyyəti - peşəkarlığı və vətənpərvərliyi özündə birləşdirir. O, bir müəllim kimi əvəzolunmazdır, tələbələri ürəkdən sevir, onların geniş dünyagörüşlü şəxsiyyət kimi yetişmələri üçün əlindən gələni əsirgəmir. Bella xanım 10 il ərzində MDLU-da Azərbaycan dilini və ədəbiyyatını tədris edib. Onun böyük zəhməti nəticəsində moskvalı tələbələr bizim dilimizi, ədəbiyyatımızı, mədəniyyətimizi, tariximizi öyrənib və seviblər.

B.Musayevanın hazırladığı “Azərbaycan dilinin praktik kursu” dərsliyi Moskvada işıq üzü görüb. Bu vəsait tələbələrdə sosial-mədəni biliklərin formalamasına, tapşırıqların yerinə yetirilməsi prosesində yaradıcı başlanğıcı inkişaf etdirməyə kömək göstərir. Müəllimin ən böyük məharəti tələbələrdə maraq oyatmaq bacarığında özünü büruzə verir. Bella xanım moskvalı tələbələrdə Azərbaycan dilinə maraq oyatmaqla yanaşı, onlara ana dilimizi sevdirməyi də bacarmışdı. O, tələbələrə öz fənnini tədris etməklə kifayətlənmir, onlara doğma vətəninin adət-ənənələrini də tanıtdırırdı. Bu mənada Bella xanımın MDLU-dakı fəaliyyəti təqdirəlayiqdir”.

Bella xanım Bakıda və Moskvada çapdan çıxmış 10-dan artıq metodik vəsaitin, iki monoqrafiyanın, dərsliklərin müəllifidir. Azərbaycanda və müxtəlif xarici ölkələrdə yüzədək elmi məqaləsi dərc olunub. Onun rəhbərliyi altında altı namizədlik dissertasiyası müdafiə edilib.

Professor Naida Məmmədxanova: “Bella xanım bu günədək dəfələrlə mükafatlandırılıb və bu təltiflərə doğrudan da layiqdir. Lakin 2015-сi ilin martında Prezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar Müəllim” fəxri adına layiq görülməsi Bella xanımın əməyinə verilən ən böyük qiymətdir”.