21 sentyabr 2018 15:18
1546

Azərbaycan Enerji Xartiyası Konfransına sədrlik edəcək

Azərbaycanın 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrlik etməsi barədə qərar qəbul edilib. Qeyd edək ki, “Cənub Qaz Dəhlizi”nin 2020-ci ildə tam istismara veriləcəyi və həmin vaxt tədbirin keçirilməsi üçün ən münasib məkanın Bakı olacağı nəzərə alınaraq Azərbaycan Enerji Xartiyası Konfransına sədrliyə namizədliyini irəli sürmüşdü. Energetika Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, 2020-ci il üçün Konfrans sədrliyinə Azərbaycandan başqa, Ermənistan və Monqolustan da namizədliyini irəli sürdüyündən 3 ölkə arasında rəqabət vəziyyəti yaranmışdı.   

Lakin Azərbaycan tərəfinin bu məsələ ilə əlaqədar davamlı fəaliyyəti, gərgin əməyi və diplomatik kanallar vasitəsilə aparılmış danışıqlar nəticəsində 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrliyə ən uyğun namizəd kimi ölkəmiz müəyyənləşib.  Ermənistanın 2020-ci il üçün sədrlik iddiasının qarşısı alınıb. Bu ölkə konfransa 2021-ci ildə, Monqolustan isə 2022-ci ildə sədrlik etməyə razılaşıb.

Azərbaycan üçün enerji siyasəti baxımından son dərəcə əlamətdar bir ildə Enerji Xartiyası Konfransına ev sahibliyi etməsi ölkəmizin növbəti uğurudur.