17 noyabr 2017 22:32
1256

Paytaxt məktəblilərinin intellektual oyunu davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Televiziyasının (AzTV) birgə layihəsi olan “Hazırcavablar” intellektual oyunu davam edir.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, hazırda intellektual oyun həftədə bir dəfə olmaqla AzTV-də yayımlanır. “Hazırcavablar” intellektual oyununda BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar iştirak edir.

Layihənin əsas məqsədi məktəblilərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onların fənlərə marağını artırmaq, yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını təmin etmək də layihənin əsas hədəfidir.

“Hazırcavablar” intellektual oyununda dörd komanda iştirak edir. Məktəblilər “Azərbaycan dili və ədəbiyyat”, “Tarix”, “Coğrafiya”, “Məntiq” və “Ordan-burdan” bölmələri üzrə sualları cavablandırırlar. Qaliblərə BŞTİ-nin və AzTV-nin hədiyyələri təqdim olunur.

Qeyd edək ki, ötən həftə təşkil olunan “Hazırcavablar” intellektual oyununda BŞTİ-nin tabeliyindəki 18, 176, 225 nömrəli tam orta məktəblərin və 20 nömrəli məktəb-liseyin şagirdlərindən ibarət komandalar qarşılaşıb. Oyunda 225 nömrəli tam orta məktəbin komandası qalib olub.