19 aprel 2018 21:20
1500

Hamiləlik zamanı yaranan patologiyalar

Sağlam övlad sahibi olmaq hər bir ailənin arzusudur. Lakin hamiləliklər heç də həmişə sağlam başa çatmır.

AZƏRTAC xəbər verir ki, hamiləlik zamanı ən çox rast gəlinən patologiyalar və onların səbəbləri haqqında Azərbaycan Tibb Universitetinin (ATU) I mamalıq ginekologiya kafedrasının assistenti Kəmalə Əliyeva universitetin mətbuat xidmətinə məlumat verib.

K.Əliyevanın sözlərinə görə, bəzi hamiləliklərin gedişatı müxtəlif patoloji vəziyyətlərlə ağırlaşa bilər. Bunlar da ananın və dölün həyatını təhlükəyə atır: “Hamiləlikdə rast gəlinən əsas ağırlaşmalar anan və döldə qan azlıqları, dölün inkişafının ləngiməsidir.

Belə ki, hamiləliyin ikinci yarısında meydana çıxan toksikozun səbəblərindən biri də dölün inkişafdan geri qalmasıdır. Bundan əlavə, özbaşına düşüklər, ciftin müxtəlif patoloji vəziyyətləri, yenidoğulmuşların hemolitik xəstəlikləri də hamiləlik zamanı yaranan ağırlaşmaların ən çox yayılmış problemləridir”.

Həkim qeyd edib ki, mamalıq praktikasının və hamiləliyin düzgün aparılmasının əsas amillərindən biri-riskli hamiləliklərin və perenatal patologiyaların düzgün qiymətləndirilməsidir: “Burada əsasən hamiləliyi ağırlaşdıra biləcək bütün faktorlar və valideynlərin sağlamlığı nəzərə alınmalıdır. Hamiləliyin gedişatını ağırlaşdıra biləcək faktorlar bir neçə qrupa bölünür. Bu faktorlardan birincisi–sosial-biolojidir. Bura yaşı 30-dan yuxarı olan analar, 40-dan yuxarı olan atalar, valideynlərin zərərli vərdişlərinin olması aiddir. İkinci qrupa-mamalıq və ginekoloji faktorları aid edilir. Bu risk qrupuna-çoxsaylı doğuş keçirmiş xanımlar, abort etdirənlər, vaxtından əvvəl doğuş keçirənlər, hamiləliyi ölü doğuşla sonlandırılanlar və digərləri aiddir. Üçüncü qrupa isə hamiləlik dövründə ekstrogenital xəstəliklər keçirən hamilə qadınlar daxildir. Yəni, ananın daxili orqanlarında olan xroniki və kəskin infeksiyalar, hamiləlik dövründə qanaxmalar, mənfi rezus qan qrupu olanlar nəzərə alınır. Növbəti qrupa isə sırf dölün müxtəlif xəstəlikləri aiddir. Bu problemlər arasında ən çox dölün gipoksiya dediyimiz oksigen çatışmazlığı, gipotrofiya-azçəkili döl, paratrofiyalar-dölün çəkisinin artıq olmasına daha çox rast gəlinir. Bütün bu hallarda hamiləlik stasionar şəraitdə aparılmalıdır”.

Həkimin sözlərinə görə, bəzən patoloji hamiləliklər zamanı həkimlər hamiləliyi erkən sonlandırmaq məcburiyyətində qalır: “Prenatal dövrdə, yəni hamiləliyin 28-ci həftəsindən sonrakı dövrdə ehtiyac olarsa hamiləlik vaxtından əvvəl başa çatdırılır. Onu da qeyd edim ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasında patoloji hamiləliklərin izlənməsi, uğurla sonlandırılması üçün hər cür şərait yaradılıb. Şöbəmizdə patologiya, ginekologiya, doğuş şöbəsi fəaliyyət göstərir. Klinikada fəaliyyət göstərən qadın məsləhətxanasında hamilə xanımlar qeydiyyata düşə bilərlər. Hamiləlik müddətində bizdə bu hamilələr nəzarət olunur, onların müayinəsi aparılır. Əgər hansısa dövrdə problemlər aşkarlanarsa, hamiləlik patologiya şöbəsində davam etdirilir. Bundan əlavə klinikada güclü neonatoloq həkimlər də fəaliyyət göstərir”.