18 oktyabr 2017 16:02
1026

25 illik şərəfli mübarizə tarixi

Ötən gün Yeni Azərbaycan Partiyası (YAP) Qobustan rayon təşkilatının Zona Təcrübə Stansiyasının ərazi ilk təşkilatında partiyanın 25 illiyi münasibətilə tədbir  keçirilib. YAP Qobustan rayon təşkilatı İdarə Heyətinin üzvü Atabəy Cahangirov ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində yaradılan, ölkəmizin sağlam və mütərəqqi qüvvələrini öz sıralarında birləşdirərək cəmiyyətdə aparıcı mövqe tutan partiyanın 25 ildə keçdiyi şərəfli mübarizə tarixindən danışıb.

YAP Qobustan rayon təşkilatının sədri Füzuli Güləliyev bildirib ki, 1992-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanı düşdüyü bütün bəlalardan xilas etmək yolunda atılan müdrik addımlardan biri partiyanın yaradılması oldu: “YAP qısa zaman kəsiyində yüksək səviyyədə təşkilatlanaraq ölkənin ən güclü siyasi partiyasına çevrildi. Partiyamız Azərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin, bu günün və sabahın qarantı demək idi. Ümummilli lider Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan qüdrətli dövlətə çevrilib. Prezident İlham Əliyevin inkişaf siyasəti Azərbaycanı dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasına çıxarıb”.

YAP Qobustan rayon təşkilatı Zona Təcrübə Stansiyası ərazi ilk partiya təşkilatının üzvləri Müşfiq Nuriyev, Baba Əhmədov, Abbas Zərbalıyev və digərləri çıxış edərək vurğulayıblar ki, ötən 25 il ərzində ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurların təməlində dayanan, yekdil xalq birliyini özündə ehtiva edən partiya hələ uzun illər ərzində xalqımıza yüksək səviyyədə xidmət göstərəcək.

Cavid Əkbərov,

“İki sahil”