28 iyun 2018 20:50
2220

Astarada turizmin inkişafı üçün hər cür şərait var

Əsrarəngiz gözəlliyə, mülayim iqlim şəraitinə malik Astara rayonunda turizmin inkişafı üçün geniş imkanlar var. Rayonun Xəzər dənizi və Talış dağları ilə əhatə olunması, zəngin tarix və mədəniyyət abidələri xarici turistlərin daha çox marağına səbəb olur.

Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin Astara rayonu üzrə baş məsləhətçisi Şadoğlan Bayramov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Astarada turizmin inkişafı həm təbii şəraitlə, həm də maddi-texniki bazanın olması ilə əlaqədardır.

Rayonda fəaliyyət göstərən 13 turizm obyektlərinin həm dəniz sahili boyu, həm də dağətəyi ərazilərdə yerləşdiyini vurğulayan Ş.Bayramov turizm obyektlərinin yay dövründə çimərlik, digər mövsümlərdə kənd və dağ turizminin inkişafına xidmət etdiyini diqqətə çatdırıb.

Ötən il Astara rayonuna gələn 6000 turistin 950 nəfərinin xarici vətəndaş olduğunu qeyd edən Ş.Bayramov bu ilin beş ayında rayona 1500 nəfərə yaxın turistin gəldiyini, onların 500 nəfərinin xarici turist olduğunu bildirib. “Rayon əhalisinin müəyyən bir qismi keçmiş MDB məkanında yaşayır. Əvvəllər onlar Türkiyə, Yunanıstan, İtaliya və digər ölkələrə tətilə yollanırdılarsa, artıq Azərbaycanda, xüsusən də Astarada dincəlməyə üstünlük verirlər. Rusiyadan Astaraya gələn turistlərin sayı ildən-ilə artır. İrandan gələn turistlərin sayı isə daha çoxdur. Astara ilə sərhəd olduğundan onlar üçün mövsümi turizm anlayışı yoxdur. Rayonda keçirilən mədəni-kütləvi tədbirlər də turistləri cəlb edir”, - deyə Ş.Bayramov bildirib.

Astara şəhərində Xəzər dənizi sahili boyunca salınmış park-bulvar kompleksinin genişləndirilməsi, rayonun dağ kəndlərinə gedən yolların asfaltlaşdırılması turizmin inkişafı üçün geniş imkanlar açır.