KÖŞƏ

Qvami Məhəbbətoğlu

Emin Millinin və Tural Sadıqlının “cibişdan” layihəsi

04 iyul 2018 15:20
3776

Müxtəlif yollarla Azərbaycanı tərk edib xaricə sığınan və ölkəmiz əleyhinə durmadan təbliğat aparan "özümüzünkülər” – Emil Milli və Tural Sadıqlı yeni “kampaniya”ya start veriblər. Belə ki, onlar “kampaniya” çərçivəsində videoçarxlar hazırlamaq, ekspertlərin müsahibələrini sosial şəbəkələrdə nümayiş etdirmək, bununla da  öz “fəaliyyət” dairələrini “genişləndirmək” niyyətindədirlər. Amma buna vəsait tapmaqda çətinlik çəkirlər. Odur ki, onlar sosial şəbəkələr vasitəsilə camaatdan pul dilənməyə başlayıblar. Özü də xalqdan xəbərsiz olan Tural Sadıqlı bu kampaniyanı “Xalqın layihəsi”adlandırıb. Sual olunur: məgər xalqın indiyədək öz “fəaliyyətləri” ilə antiazərbaycan dairələrin, eləcə də ermənilərin dəyirmanına su tökənlərə borcu var? Bir də görəsən, Vətən, millət anlayışlarından xəbərsiz olan bu şəxslər xalqın hansı bir problemini dünyaya bəyan ediblər? Olmaya Dağlıq Qarabağ problemindən, ermənilərin soydaşlarımızın başına gətirdikləri müsibətlərdən söz açıblar? Təbii ki, yox... Elə isə  indi hansı üzlə xalqa  müraciət edirlər? Məgər xalq onların kim olduqlarını, nəyə xidmət etdiklərinini bilmir? Əlbəttə, bilir. Xalq yaxşı bilir ki, onların məqsədi dünyada Azərbaycan haqqında mənfi imic formalaşdırmaq, onun nüfuzunu havadarlarının sifarişi ilə ləkələmək, istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə qazandığı uğurlara kölgə salmaq, ölkəmizdə xaos yaratmaqdır. Bütün bunlar isə onların erməni və ermənipərəst dairələrlə əlbir olmalarından, birgə fəaliyyətlərindən xəbər verir.

Amma bu, bir həqiqətdir ki, maliyə maqnatı rolunda çıxış edən  "Quska” ləqəbli Milli Məclisin sabiq deputatı Hüseyn Abdullayevin həbsindən sonra böyük pullar müqabilində ermənipərəst dairələrin əlində alətə cevrilmiş  Emin Milli, Orduxan Teymurxan, Tural Sadıqlı və digərlərinin qara günləri başlayıb. Digər tərəfdən də Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayev, sabiq hərbçi İsa Sadıqov, erməni lobbisinin əl  quzusuna çevrilmiş keçmiş səfir Arif Məmmədov da indi onlara əvvəlki kimi əl tuta bilmirlər. Elə bu kimi səbəblərdən də antiazərbaycan şəbəkənin bu ünsürləri daha əvvəlki kimi lüks həyat yaşaya,  əvvəlki kimi dünyanın ən bahalı restoranlarında şənlənə, müxtəlif pozalar verə bilmirlər. Bu mənada özümüzü kəsən bu qılıncların pultoplama kampaniyası onların öz rahatlıqlarının təminatına, öz cibişdanlarını doldurmağa yönəlmiş bir addımdır. Lakin nə Tural Sadıqlı, nə də Emin Milli  bu adi həqiqəti etiraf etmək istəmirlər. Guya onlar dəbdəbəli həyat naminə belə bir addım atmırlarmış, hər şeyi xalq naminə edirlərmiş. Əslində isə Avropada öz maraqları naminə dolaşan bu ünsürlərin həmin kampaniya ilə qaz vurub qazan doldurmaq niyyətində olduqları gün kimi aydındır. Amma onlara elə gəlir kampaniya adı ilə maskalanmaqla iz azdıra biləcəklər.

... Beynəlxalq aləmdə ölkəmiz barədə neqativ rəy formalaşdırmağa çalışanların dilənçiliyə əl atmaları bir daha onların əsl mahiyyətini ortaya qoyur. Yəni onlar o qədər avantürüstdirlər ki, əleyhinə danışdıqları xalqa müraciət etməyi belə özlərinə ar bilmirlər. Amma hələ ki kimsə “sapı özümüzdən olan baltalar”ın çaldıqları ilə oturub-durmaq istəmir. Sosial şəbəkə istifadəçilərinin öz ölkəsinə qənim kəsilənlərə  göstərdiklərə sərt təpkilər belə deməyə əsas verir. Məsələn, sosial şəbəkədə Vüsal Məmmədov yazıb: “Meydan TV-nin rəhbəri Emin Milli videomüraciət yayaraq, deyib ki, xalqdan çox yox, bir balaca dəstək istəyir. 10 milyonluq xalqın cəmi-cümlətanı onca mini ona ayda vur-tut onca dollar keçirsə, bəsdir, daha heç nə lazım deyil. Amma ayda onca min adamın hərəsindən cəmisi onca dollar – bu, ayda yüzcə min dollar edir. Kifayət qədər ciddi puldur. Maraqlıdır, feysbukda və youtubda canlı yayılmlar edib, boş-boş danışmaq üçün ayda 100.000 dollar lazımdır ki? İnsanlar əziyyətlə qazandıqları pulu buna görəmi Emin Milliyə verməlidirlər?” Nailə Cəfərova isə onlara öz nifrətini belə bəyan edib: “Bu gedib orada keflə yeyib-icsin deyə camaat buna aylıq maaş kəsməlidir, utanmasan oynamağa nə var ki?” Bütün bunlar isə o deməkdir xalq ağı qaradan seçməyi yaxşı bacarır. Bu mənada “Xalqın layihəsi”nin axırına elə xalqın nümayəndələri sərt təpkiləri ilə çıxmaqdadırlar.

Qvami Məhəbbətoğlu,

“İki sahil”