“Apardığımız uğurlu xarici siyasət nəticəsində Azərbaycan demək olar ki, bütün ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilmişdir” söyləyən ölkə Prezidenti İlham Əliyev xarici siyasətimizin əsasında dayanan bu prinsipi də bəyan edir: “Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında qurulur. Beləliklə, ölkəmizin uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcuddur. Deyə bilərəm ki, bu mühiti biz yaratmışıq. Əminəm ki, bundan sonra da bu istiqamətdə ardıcıl siyasət aparacağıq.”
Azərbaycanın xarici siyasətində Avropa istiqamətinin xüsusi yeri vardır. Avropa İttifaqına üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı əməkdaşlıq daim inkişaf etdirilir, yeni istiqamətlər müəyyənləşdirilir. Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Belçika, Yunanıstan, Polşa, Rumıniya və digər Avropa ölkələri ilə əlaqələrimiz müxtəlif sahələrdə uğurla inkişaf edir. Bu günlərdə cənab İlham Əliyevin Belçikaya səfəri, onun ardınca İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri, səfərlər çərçivəsində əməkdaşlığın inkişafına xidmət edən sənədlərin imzalanması xarici siyasətdə ikitərəfli əməkdaşlığa xüsusi önəmi bir daha təsdiqləyir. Şübhəsiz ki, qarşılıqlı səfərlər münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verməklə yanaşı, hər bir ölkənin malik olduğu imkanların təqdimatında, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynayır. Ölkə Prezidentinin bu gün də dünya mətbuatında geniş müzakirə olunan Belçika səfəri zamanı imzalanan “Tərəfdaşlığın prioritetləri” sənədində ayrı-ayrı sahələrdə əməkdaşlığın inkişafı üçün mövcud imkanlar öz əksini tapıb. Azərbaycanın enerji təhlükəsizliyinin təminatında artan rolu Avropa İttifaqına üzv olan ölkələr tərəfindən yüksək dəyərləndirilir. Hələ 2011-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında “Cənub Qaz Dəhlizi haqqında” Birgə Bəyannamə imzalananda qurumun rəsmiləri bu fikri böyük inamla bildirmişdilər ki, bu əlaqələrin gələcəkdə böyük potensialı vardır. Məlum sənədi əlaqələrin inkişafında başlanğıc kimi dəyərləndirən hər iki tərəfin rəsmilərinin çıxışlarında bu fikir xüsusi yer almışdır ki, Azərbaycan bu gün Avropa İttifaqının ən böyük və etibarlı enerji tərəfdaşlarından biridir. İmzalanmış sənədlər uğurla həyata keçiriləcək, Azərbaycan qaz potensialından öz xalqının rifahı, gələcək inkişafı və Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edəcək. Tərəfdaşlıq nəinki illər, onilliklər boyu olacaq. Bu ilin enerji sektorunda qazanılan uğurlar sırasında xüsusi yeri olan Cənub Qaz Dəhlizinin rəsmi açılışı mərasimindəki çıxışlarda da ümumi fikir bu olmuşdur ki, Cənub Qaz Dəhlizi Xəzər dənizinin qaz resurslarını ilk dəfə birbaşa Avropa bazarlarına çıxaracaq, bütöv regionun enerji xəritəsini dəyişəcək.
Azərbaycanın şaxələndirilmə məsələsinə ilk yol açan bir ölkə rolunu oynadığını diqqətə çatdıran Avropa İttifaqının təmsilçiləri bildirmişlər ki, Cənub Qaz Dəhlizi yalnız kəmər deyil, XXI əsrin mühüm strateji, enerji dəhlizidir. Azərbaycan Avropa İttifaqına heç vaxt bu qədər yaxın olmayıb. Onun iqtisadiyyatı Avropa bazarları ilə sıx inteqrasiya olunub və bizim əlaqələrimiz daha geniş, münasibətlərimiz isə daha fəaldır. Avropa İttifaqı müasirləşmə islahatları ilə bağlı Azərbaycanın bütün təşəbbüslərini dəstəkləyir və müxtəlif sahələrdə daha da dərin münasibətlər yaratmaq istəyir.
Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, ölkəmiz hazırda bu təşkilatın bir çox proqramlarında fəal iştirak edir. Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Dövlətimizin başçısının məlum səfəri çərçivəsində keçirilən görüşlərdə də bu fikir xüsusi qeyd olunmuşdur ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı və investorlarından biridir. “Tərəfdaşlıq prioritetləri” sənədində də vurğulanır ki, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb.
Avropa İttifaqına daxil olan 27 dövlətin maraqlarına uyğun olan Azərbaycanın enerji siyasəti bolgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır. Xarici ölkələrə səfərləri zamanı Azərbaycanın iqtisadi imkanlarına diqqəti yönəldən, enerjinin nəql olunması sisteminin şaxələndirilməsində ölkəmizin rolunu xüsusi vurğulayan, gerçəkləşməsi çoxlarına əfsanə kimi görünən layihələrin reallaşması üçün təşəbbüskarlığını artıran Prezident İlham Əliyev bu mövqeyi açıqlayır ki, Azərbaycanın tərəfdaş, müəllif və təşəbbüsçü kimi iştirak etdiyi butun layihələrdə xalqın milli maraqları, dövlətin mənafeyi hər şeydən üstün tutulmalıdır. Prezident İlham Əliyev ölkəmizin daim marağında olan enerji layihələrinin şaxələndirilməsi prinsipinin diqqətdə saxlanılacağını vurğulamaqla qeyd edir ki, Avropa Azərbaycan qazı üçün mühüm bazara çevriləcək, eyni zamanda, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyinə xidmət edəcək önəmli layihədir.
Ötən ay Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən olan TANAP istifadəyə verildi. Digər hissəsi olan TAP-ın istifadəsi isə 2020-ci ilə gözlənilir. TAP Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. Dəyəri 2,2 milyard dollar həcmində proqnozlaşdırılan, əsas mənbəyi “Şahdəniz”in ikinci layihəsi olan TAP-ın səhmdarları İsveçrənin “AXPO”, Norveçin “Statoyl” və Almaniyanın “E.ON Ruhrqas” şirkətləridir. TAP layihəsinin ölkələr arasında əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əminlik ifadə olunur. “TAP Azərbaycan, Yunanıstan, İtaliya və və Albaniya arasında münasibətləri daha da gücləndirəcəkdir. Biz Xəzər dənizi, Qafqaz və Avropanın yeni geniş regional əməkdaşlıq formatını yaradacağıq. Bu, bizim hamımıza fayda verəcəkdir. TAP layihəsinin reallaşması nəticəsində çoxlu işlər olacaq, minlərlə yeni iş yeri yaradılacaqdır. Bu da Azərbaycana Avropa bazarına enerjini təchiz etmək üçün yeni marşrutun yaradılmasından ibarət strateji məqsədləri tam yerinə yetirmək imkanını verəcəkdir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, biz bu məqsədə nail olacağıq, çünki bu günədək işlər qrafik üzrə gedir. İtaliya rəsmiləri də Azərbaycan qazının Avropaya nəqli üçün TAP-ın seçilməsini alqışlayaraq bildirmişdilər ki, bu, Avropanın enerji təhlükəsizliyi və rəqabət qabiliyyətinin gücləndirilməsi, eləcə də İtaliyanın aparıcı ticarət tərəfdaşlarından olan Azərbaycanla ikitərəfli münasibətlərin genişlənirilməsi yolunda mühüm addımdır.
İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri çərçivəsində keçirilən görüşlərdə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolundan geniş bəhs edilərək, bu inam ifadə edilmişdir ki, Azərbaycanın qarşıdakı illərdə bu rolunu daha da artıracaq. “İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır. Azərbaycan böyük həcmdə neftini İtaliya istiqamətinə göndərir, enerji sahəsində çox gözəl əməkdaşlıq var” söyləyən dövlətimizin başçısı İlham Əliyev əminliklə bildirmişdir ki, gələcəkdə bu əməkdaşlıq dərinləşəcək. Azərbaycan tərəfdaş ölkələrlə birlikdə Cənub Qaz Dəhlizini uğurla icra edir. Atılan addımlar Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm rol oynayır.
Göründüyü kimi, dünya enerji bazarında mövqeləri möhkəmlənən, investisiya imkanları artan Azərbaycanın təşəbbüsləri dəstəkləndiyi kimi mövqeləri də möhkəmlənməkdədir. Dövlətimizin başçısı bir məqamı da xüsusi qeyd edir ki, birinci böyük layihələrin icrası nəticəsində bizim şirkətlərimiz, demək olar ki, ayağa qalxa bilmişlər, kapital, təcrübə toplamışlar. Ondan sonra Azərbaycana investisiya qoymağa başlamışlar. Azərbaycanda belə bir şərait yaratmışıq ki, buraya investisiya qoymaq ən sərfəli yoldur. İndi başqa ölkələrə investisiya qoymaq, əlbəttə ki, lazımdır və biz də dövlət kimi bunu edirik.
Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafına dövlətimizin göstərdiyi diqqət və qayğı istər cənab İlham Əliyevin Belçikaya, istərsə də İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən görüşlərdə təqdir edilmişdir. İtaliya Prezidenti bildirmişdir ki, İtaliya Azərbaycanın öz iqtisadiyyatını şaxələndirməsinə çox böyük önəm verir və bunu alqışlayır: “Biz ümid edirik ki, bu sahə üzrə və dostluq münasibətləri çərçivəsində İtaliya şirkətləri Azərbaycanda energetika sahəsindən başqa digər sahələrdə də öz fəaliyyətini qura bilər.” Hər iki ölkənin dövlət başçılarının bəyanatlarında ümumi fikir bu olmuşdur ki, Azərbaycan İtaliya üçün, İtaliya Azərbaycan üçün çox etibarlı tərəfdaşdır. Səfər əlaqələri daha da möhkəmləndirəcək, bundan sonra uzun illər səmərəli əməkdaşlıq ediləcək.
Göründüyü kimi, hər bir səfər əməkdaşlığın inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Azərbaycan reallıqlarının təqdimatına öz töhfəsini verən ikitərəfli əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi əvvəldə qeyd etdiyimiz kimi, xarici siyasətimizin prioritet məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin dəstəklənməsinə də öz müsbət təsirini göstərir. Dövlətimizin başçısı İlham Əliyev İtaliyanın hazırda ATƏT-in sədri olduğunu önə çəkərək, bu əminliyi ifadə etmişdir ki, İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynayacaq. Biz istəyirik ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə öz həllini tapsın.
Yeganə Əliyeva,
“İki sahil”