03 may 2024 02:59
340

Haqqa-ədalətə, birlik və həmrəyliyə çağırış!

Dünyamızı risklərdən qorumaq üçün «Sülh və qlobal təhlükəsizlik naminə dialoq» mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edən Azərbaycan növbəti dəfə humanitar platforma kimi diqqəti cəlb edir

Sivilizasiyaları birləşdirən dialoq məkanı, sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarlarından olan, qlobal təhlükələr, risklərlə mübarizəyə töhfələr verən Azərbaycan xalqlar arasında ünsiyyətin, əməkdaşlığın formalaşdırılmasına xarici siyasətinin əsas amili kimi diqqət göstərir.

2011-ci ildə ölkəmizdə ilk dəfə keçirilən, sonra isə ənənəvi xarakter alan Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarını təşkil etməklə dini radikalizmə, ayrı-seçkiliyə, ksenofobiyaya qarşı mübarizənin vacibliyini dünya ictimaiyyətinə çatdıran Azərbaycan humanitar platforma kimi tanınır. Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamağın prinsiplərinin müzakirə və təbliğ olunduğu bu cür forumlarda xalqlar və dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinin vacib amillərindən olan və ölkəmizin dövlət siyasətinin əsasını təşkil edən multikultural prinsiplər təbliğ edilir, insanları birliyə, həmrəyliyə çağırış olan bu prinsiplərin təbliği üçün geniş imkanlar yaranır. Təhlükələrlə, milli münaqişələrlə, terrorlarla üzləşən, etnik və dini zəmində zorakılığın şahidi olan müasir dünyamızda ekstremizmə, radikalizmə, fundamentalizmə, terrorçuluğa qarşı mübarizənin yolları araşdırılır. Asiya ilə Avropa arasında yerləşən, müxtəlif dinə, irqə mənsub xalqların birgə yaşadığı tolerant ölkə olan Azərbaycanın təşəbbüsü ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarının ölkəmizdən start götürməsi xalqımızın humanist, sülhpərvər xarakterinin, dövlətimizin birgəyaşayış qaydalarına sadiqliyinin ifadəsidir. «Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz, əslində, bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Əminəm ki, bir müstəqil ölkə kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirən məsələ məhz bunlardan ibarətdir» sözləri ilə mühüm əhəmiyyətə malik belə tədbirlərin ölkəmizdə keçirilməsini Azərbaycan təcrübəsinin dünya birliyi tərəfindən qəbulu kimi xarakterizə edən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu etimad ölkəmizin xarici siyasətinə, diplomatiyasına da böyük etimaddır.

Paytaxtımızda «Sülh və qlobal təhlükəsizlik naminə dialoq» mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi bir daha göstərir ki, Azərbaycan xalqlararası əməkdaşlıq, qarşılıqlı anlaşma prinsiplərinə daim sadiqdir. 110 ölkəni təmsil edən nümayəndələrin iştirakı ilə keçirilən, plenar, panel sessiyaları ilə davam etdirilən Forum gündəliyə daxil olan məsələlərin əhəmiyyəti, aktuallığı ilə də fərqlənir. «Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət”», «Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq», «Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi», «Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət», «Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu», «Tənzimlənməyən miqrasiya və sosial təsirlər: beynəlxalq təhlükəsizlik üçün təhdid və imkanlar», «Süni intellekt – təhdid, yoxsa imkan?», «Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi; Qlobal inkişafa doğru», «Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi» mövzularına həsr edilən panellərlə üç gün davam etdiriləcək Forum ölkəmizi mühüm dialoq məkanına çevirir. Tanınmış dövlət xadimlərinin, parlament rəhbərlərinin, müxtəlif xalqlara, etnik və mədəni qrupa daxil olan dini liderlərin iştirak etdikləri tədbir bir daha təsdiqləyir ki, qlobal təhlükəsizliyin qarşısını dialoq, birlik, həmrəylik vasitəsilə almaq mümkündür. Tədbir çərçivəsində Ağdam və Şuşada xüsusi panel sessiyaların keçirilməsi, iştirakçıların erməni vandallarının 30 il işğal altında saxladıqları Azərbaycan torpaqarında xalqımıza məxsus dini abidələrə qarşı vəhşiliklərinin dünya ictimaiyyətinə göstərilməsi baxımından da önəmlidir.

 Qlobal problemlərin həlli üçün siyasi, iqtisadi, humanitar platforma kimi tanınan Azərbaycanın təşəbbüsü ilə keçirilən «Sülh və qlobal təhlükəsizlik naminə dialoq» mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu adından da göründüyü kimi, insanları düşündürən çox mühüm məsələlərin müzakirə olunduğu məkan rolunu təkrar edir. Yeni münaqişələrin, qeyri-sabitlik məkanlarının, təhdidlərin müşahidə olunduğu bir zamanda Azərbaycanın qlobal problemlərin həllində qazandığı təcrübənin yenidən gündəmə gətirilməsi xalqımıza xas birliyə çağırış niyyətlərindən qaynaqlanır.

Müxtəlif mədəniyyətlərin, xalqların qovuşduğu məkan olan, Şərqlə Qərb arasında yerləşən, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlərdən bəri bəşəri dəyərlərə sadiq olmaqla tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub saxlayır. Etnik qruplara və müxtəlif dinlərə məxsus bütün ölkə vətndaşları üçün Azərbaycan doğma Vətən ata-baba ocağı, yurd yeridir. Ölkə daxilində mövcud olan sabitlik, birgəyaşayış qaydalarına hörmət, qarşılıqlı etimad bir daha göstərir ki, multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir. Dövlətçilik və milli maraqların qorunması bütün ölkə vətəndaşları üçün müqəddəs borcdur. Azərbaycanın 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatına sədrliyi müddətində bütün xalqların milli-mənəvi dəyərlərinə hörmət və etimadını dəfələrlə sübut edib. COVID-19 pandemiyasının davam etdiyi müddətdə peyvənd millətçiliyinə qarşı mübarizənin önündə gedən Azərbaycan yeni müstəmləkə tendensiyalarına qarşı barışmaz mövqeynin birlik və həmrəyliyi ilə təsdiqləyir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşmasına qəti etirazını bildirən xalqımız insanları məcburi assimilyasiyaya aparan iyrənc neokolonializm təcrübəsinə qarşı mübarizlik nümunəsi göstərir. Hələ də demokratik dəyərlərə ikili standartlardan yanaşan, bəzi dövlətlərin, Avropa təsisatlarının başqa ölkələrin daxili işlərinə müdaxiləyə səssis qalmaqla kifayətlənməyərək qəbul etdikləri ədalətsiz qərar və qətnamələri ilə ölkələrin daxili işlərinə müdaxilə kimi tendensiyalarını davam etdirən Avropa Parlamenti və AŞPA bu cür addımları ilə yeni müstəmləkə niyyətlərini qızışdırdıqlarını başa düşməlidirlər.

Torpaqları 30 il Ermənistanın işğalı altında qalan, etnik təmizləmənin ağrı-acısını çəkən xalqımızın haqq səsini «eşitməyən» həmin dairələrin bu gün də eyni mövqedə qalmaları çox təəssüf doğurur. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməsini ədalətlə, öz gücü ilə icra edən Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində əraziləri işğaldan azad etdi. Ötən ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində isə süverenliyini tam bərpa edən Azərbaycan qalib ölkə, sulh sazişinin təşəbbüskarı kimi Cənubi Qafqazda sabitliyin yaranması üçün bütün vasitələrdən istifadə edir. Dünyada ədalətin tərəfdarı olan Azərbaycan həmişə öz hüquqlarını müdafiə edən, müstəqilliyə qovuşmaq, öz mədəniyyətlərini, öz dillərini qorumaq istəyən xalqların yanında olduğunu əməli işi ilə təsdiqləyir. Bu cür ünsiyyət mədəniyyətlərarası dialoq üçün açardır. İnsanlara sözdə tolerantlıqdan, demokratiyadan, insan hüquqlarından danışıb, əməldə bunun əksini etmək siyasi riyakarlıq, ikiüzlülükdür. Əsrlərdən bəridir ki, bu yolla milyonlarla insanı adi yaşayış qaydalarından, hüquqlarından məhrum edən Fransanın Cənubi Qafqazda mənfur neokolonializm siyasətinə « yaşıl işıq» yandıranların «demokratiyası» XXI əsrin texnologiya, sülh siyasətinə uyğun deyil.

«Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi. Biz indi öz rolumuzu körpülərin salınmasında görürük. Mən tariximiz, coğrafiyamız, qarşılıqlı əlaqələrimiz, Avropa təsisatları ilə olan münasibətlərimiz, eyni zamanda, coğrafi baxımdan Qərb ilə Şərq arasında yerləşməyimiz barədə söylədim ki, biz bu amillərlə çox iş görə bilərik. Hazırda biz qeyd edirik ki, əvvəlki sədrliyimiz zamanı olduğu kimi körpülər salmağa çalışacağıq» deyən Prezident İlham Əliyevin vurğuladığı kimi, mədəniyyətlərarası əməkdaşlığı daha da möhkəmləndirəcək ünsiyyət körpüsünün təməli birgəyaşayış qaydalarına hörmət, əməkdaşlıq, həmrəylik prinsipləri əsasında formalaşacaq.

Təcrübə göstərir ki, COP19-un əsas amillərindən olan iqlim dəyişmələrinə, qlobal istiləşməyə aid olan problemlərin həllinə lazım olan maliyyə vəsaitləri üçün də həmrəylik və qarşılıqlı etimad lazımdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, zaman gözləmir. Kim planetə daha çox zərbə vurur, yaxud qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət daşıması ilə bağlı mübahisə etmək dövrü arxada qalıb. Bu davranışın davamı gələcəyimiz üçün faciə ilə nəticələnə bilər. Neft, təbii qaz hasil edən Azərbaycan «yaşıl dünya naminə» təşəbbüsünə ilk qoşulan ölkə olmaqla ekoloji tarazlığın qorunması naminə üzərinə düşən vəzifəni yerinə yetirir.

«Əgər biz bu gün məhz yol təchizatlarına, enerji təchizatlarına baxsaq görərik ki, onlar çox müxtəlifdir. Ona görə bizim səylərimiz körpülərin salınmasına yönələcək» söyləməklə Avropa-Qlobal Cənub istiqamətində həmrəyliyə daha çox ehtiyac duyulduğunu bildirən Prezident İlham Əliyev sağlam dünya naminə çalışmağın yollarını da göstərir. Bunun üçün ölkəmizin yaşıl gündəliyi var və biz buna COP29-a ev sahibliyi etmək şərəfinə layiq görüləndən xeyli əvvəl başlanılıb. 2027-ci ilə qədər ölkəmizdə 2 qiqavat Günəş və külək enerjisi stansiyaları işə düşəcək və 2030-cu ilə qədər əlavə 5 qiqavat da istismara veriləcək. Bunun sayəsində bərpaolunan enerjini elektrik enerjisi istehsalında istifadə etmək imkanı yaranacaqdır. «Azərbaycana gəldikdə, mədəniyyətlərarası dialoq elə bir məfhumdur ki, biz onu güclü şəkildə təşviq edirik. Ölkəmizdə çoxsaylı tədbirlər təşkil edirik. Bunlar dinlərarası dialoqla bağlıdır. Müzakirələrin bir hissəsi olaraq məhz bunu Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində həyata keçiririk və digər tədbirlərdə bu məsələyə toxunuruq. Bununla bağlı xüsusi müzakirə sessiyası və COP29 tədbiri də olacaqdır» söyləyən Prezident İlham Əliyev bu sahədə zəngin təcrübə qazanmış xarici mütəxəssislərin həmrəylik nümayiş etdirəcəklərinə əminliyini ifadə edir. Çünki cəmiyyətlərdə dini nümayəndələrin rolu vacibdir və onların sülh, tolerantlıq, qarşılıqlı hörmət kimi müsbət mesajları eşidilməlidir. İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın işğalından azad edilən ərazilərdə, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərini sürətləndirən Azərbaycan Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü, hətta sülh sazişinin layihəsini hazırladı. İndi iki ölkə arasında danışıqlar Azərbaycanın təkliflərinin əks olunduğu layihə əsasında aparılır. Artıq sərhədlərin delimitasiyası, hətta demarkasiya işlərinə başlanılıb. Ən əsası odur ki, bu proses iki ölkə tərəfindən, hər hansı bir vasitəçi olmadan davam etdirilir. «Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil. Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər və yardım etmək istəmirlər. Onlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər» sözləri ilə Fransa kimi Avropa Parlamentinin ermənipərəst deputatlarına da xəbərdarlıq edən Prezident İlham Əliyevin vurğuladığ kimi, bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək, yanan ocağa odun atmaq niyyətlərinə yol verilməyəcək. Bu cür forumlar müxtəlif düşüncəli, əqidəli insanlara düzgün yol göstərir. Bu yolun bələdçisi Azərbaycan həmişə olduğu kimi, bu dəfə də etimadı ədalətin tərəfdarı olmaqla doğruldacaq, Cənubi Qafqazda sülhün bərpasına əngəl olan kənar müdaxilələrə «Dur!» deməyi bacaracaq.

Xuraman İsmayılqızı, «İki sahil»