25 sentyabr 2018 23:20
2179

Dünya dövlətlərinin “hesabat tribunası” BMT-dən Azərbaycan necə görünür?

XXI əsr biliklər, yüksək texnologiyalar, sürətli innovasiyalar və elm tutumlu istehsalatlar dövrü adlandırılsa da hələ də gücün qarşısında “susan zəiflərə” daha “qüdrətli güc” sözünü deməkdədir.

Zamanın hər kəsi düşündürən sualı isə budur: Güclərin savaşında millətlər və dövlətlər özlərini qoruyub saxlaya biləcək iqtidarındadırlarmı? V əsrdə yaşamış qədim Cin filosofu Mo-Tszi yazmışdır ki, güc hökmən dinc idarəetməyə gətirib çıxarır, gücün yoxluğu isə hökmən hərc-mərcliyə gətirib çıxarır, güc hökmən əmin-amanlığa gətirib çıxarır, gücün yoxluğu isə hökmən təhlükəyə gətirib çıxarır. Akademik Ramiz Mehdiyev: “Güclü Azərbaycan dövləti qloballaşma şəraitində milli ideyanın təcəssümü kimi”). Dəyişən siyasi və sosial-iqtisadi məkanda milli ideyanı reallaşdıraraq, yeni dövrün çağırışlarına cavab verməsi həmin dövlətin siyasi- iqtisadi qüdrəti, dünya birliyində tutduğu mövqe, diplomatiyada qazandığı uğurlarla dəyərləndirilir. Qloballaşan beynəlxalq aləmdə hansı istiqamətdə yolunu davam etdirəcəyini zamanın çağırışına, dövrün tələblərinə uyğun müəyyənləşdirən dövlətlər yerləşdiyi coğrafi məkanda yerini möhkəmləndirməklə kənar təsirlərdən də özünü müdafiə qüdrətinə malik olur. Siyasi problemlərin həlli ilə məşğul olan və dünya dövlətlərinin ümumi evi sayılan BMT -nin ənənəvi olaraq keçirilən sessiyalarında daha çox önəm daşıyan məsələlərin müzakirəsi, planetimizin qorunmasına, dövlətlərin, millətlərin qarşılıqlı əməkdaşlığının vacibliyinin önə çəkilməsi də bu zərurətdən yaranır.

Siyasətçilər hesab edirlər ki, qloballaşma heç də siyasi müdaxilədən asılı olmayan təbii-tarixi, obyektiv xarakter daşımır. Qloballaşma hətta sosial proses də deyil, siyasətin funksiyasıdır. Bu gün elə bir beynəlxalq strateji araşdırmalar mərkəzi yoxdur ki, orada müasir dövlətlərin fəaliyyətinin proseslərinin təsiri altında baş verən ciddi dəyişikliklərlə bağlı olması haqda reallığa etiraz etsinlər. XXI yüzilliyin başlanğıcında inkişaf etmiş qlobal dəyişikliklər və çağırışlar milli dövlətlər, dövlətin və cəmiyyətin qarşılıqlı təsiri məsələləri ilə bağlı yeni tələblər irəli sürür. Ümumi məxrəc budur ki, mürəkkəb, gərginləşən proseslərdə bəşəriyyətin gələcəyini hər kəs düşünməli, onu qorumalıdır.

BMT-nin Nyu-York şəhərindəki mənzil-qərargahında Baş Assambleyanın 73-cü sessiyası çərçivəsində ümumi siyasi müzakirələrə başlanmasının da məqsədi dövlətlərarası birgə yaşayış qaydalarını müzakirə etmək, dünyada əmin-amanlığın bərqərar olması üçün yollar axtarmaqdır.

“Report” BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 1-dək davam edəcək sessiyada 120-dən çox dövlət və hökumət başçısı, eləcə də xarici işlər nazirləri və hökumət başçıları çıxış edəcək, dünya gündəmini əhatə edən məsələlər, baş verən qarşıdurmalar, münaqişələrlə bağlı fikir və təkliflər öyrəniləcək. Sessiyada ümumi müzakirələrdən əvvəl BMT-nin Baş katibi təşkilatın işi üzrə illik hesabatını təqdim edəcək.

Çoxdankı ənənəyə əsasən Baş Assambleyanın tribunasından ilk olaraq Braziliya Prezidenti Mişel Temer və ABŞ dövlət başçısı Donald Tramp çıxış edəcəklər. Sonra Ekvador Prezidenti Lenin Moreno Qarces, onun ardından isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana söz veriləcək. BMT Baş Assambleyasının açılış sessiyasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir. Bəs dünya dövlətlərinin “ hesabat tribunası” olan BMT-dən Azərbaycan necə görünür? Dünya düzəninin tarazlandığı, “güclərin qanunlara üstün gəldiyi” müasir dövrümüzdə bu mötəbər məclisdə Azərbaycan hansı uğurları ilə təmsil olunur?

Qeyd edək ki, sivilizasiyalı dünyada baş verən qloballaşma dəyişikliklərinin ruhunu nəzərə alan, eyni zamanda, dövlətimizin hansı mürəkkəb geosiyasi regionda yerləşməsinin məsuliyyətini qazandığı diplomatik uğurları ilə doğruldan Azərbaycan artıq dünya birliyinin aparıcı dövlətləri sırasında adımlayır, mövqeyni möhkəmləndirir, dünya hadisələrinə təsir imkanlarını artırır.

“2003-cü ildən sonra Azərbaycanın dinamik inkişafı təmin edilmişdir. Biz güclü, qüdrətli dövlət qura bilmişik. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan ölkədir. Bu gün dünya xəritəsində belə ölkələrin sayı o qədər də çox deyil. Xüsusilə biz ərazisi, əhalisi o qədər də böyük olmayan ölkələrə fikir versək görərik ki, müstəqil siyasət aparmaq iqtidarında olan ölkələr o qədər də çox deyil. Biz tam müstəqil siyasət aparırıq. Bizim siyasətimiz milli maraqlar üzərində qurulubdur. Azərbaycan xalqının maraqları bizim siyasətimizin mənbəyidir, onun əsasıdır. Kənardan bizim siyasətimizə təsir etmə imkanları sıfıra bərabərdir.” Prezident İlham Əliyevin bu sözləri göstərir ki, zəngin dövlətçilik ənənələrinə malik, tarixin bütün dönəmlərində varlığını qoruyan Azərbaycanda bu gün də xalq, beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən prinsipial siyasət aparılır. Xalq-iqtidar vəhdəti Azərbaycanın dövlət siyasətinin, qazanılan siyasi, iqtisadi uğurların əsas amilidir.

Azərbaycan bu gün beynəlxalq arenada öz mövqelərini gücləndirən, çox böyük nüfuza malik ölkədir. Qərblə Şərqi birləşdirən, sivilizasiyalararası körpü olan Azərbaycan ən mötəbər quruma- BMT Təhlükəsizlik Şurasına sədrlik etmişdir. Bütün ölkələrlə sıx əməkdaşlıq edən, dünyanın enerji və nəqliyyat xəritəsini təşəbbüsləri ilə yeniləyən Azərbaycanın gələn il BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına sədrliyə başlaması ölkəmizin beynəlxalq aləmdə qazandığı dəstəyin göstəricisidir. Dünya birliyi Azərbaycana böyük hörmətlə, böyük rəğbətlə yanaşır. Bu gün dünyanın siyasi xəritəsində Azərbaycanın yeri çox möhkəmdir.

Ölkəmizin ən çətin problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xarici siyasətimizin uğurlarından olan hüquqi bazanın möhkəmləndirilməsi dünya birliyində qazanılan etimada sadiqliyimizdir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, ATƏT Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, GUAM, ECO tərəfindən qəbul olunan sənədlər bu hüquqi bazanın əsasını təşkil edir. Münaqişənin həlli üçün iqtisadi zəmin möhkəmlənir, güclü ordu formalaşdırılır Amma bu qətnamələrin kağız üzərində qalması, icra olunmaması, işğalçının adı ilə çağrılmaması, işğalçı ilə işğala məruz qalana eyni yanaşma təbii ki, narahatlıq doğurur. Bu ədalətsizliyin gələcəkdə əlavə münaqişə ocaqlarının yaranmasına gətirib çıxaracağını vurğulayan Prezident İlham Əliyevin “ Əgər dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmirsə, onda əlbəttə ki, bu orqanın nüfuzu o qədər də yüksək səviyyədə ola bilməz. Münaqişənin həllinin bir yolu var. Ermənistan silahlı qüvvələri bizim torpaqlarımızdan çıxarılmalıdır, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və ondan sonra bölgədə sülh yarana bilər. Azərbaycanın ərazi bütövlüyü isə bütün dünya tərəfindən tanınır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” sözləri lider qətiyyətinin ifadəsidir.

Azərbaycanın xarici siyasətinin dünya birliyi tərəfindən dəstəklənməsinin nəticəsidir ki, erməni lobbisi çalışsa da, heç bir dövlət qanunsuz “Dağlıq Qarabağ Respublikası”nı, separatçı rejimi tanımayıb.

Son 15 il ərzində iqtisadi baxımdan Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur. Üç mərhələ üzrə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının tətbiqi ilə ölkə iqtisadiyyatı 3,2 dəfə artmışdır. Davos Dünya İqtisadi Forumunun hesabatlarında qeyd olunduğu kimi, iqtisadiyyatların rəqabətqabiliyyətlilik hesabatına görə 200 ölkə arasında 35-ci, inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksi üzrə hesablamalarına görə 3-cü, infrastrukturun səviyyəsinə görə dünya miqyasında 26-cı yerdə olmaq hər dövlətə nəsib olan nailiyyət deyil.

Ötən əsrə baxış olan Azərbaycan Xalq Cömhuriyyəti, Silahlı Qüvvələrimizin, Parlamentimizin, polisimizin yüz illik yubileylərinin keçirilməsi bir xalqın dövlətçilik tarixinə baxış idi. Hazırda üçüncü dəfə beynəlxalq müdafiə sərgisinə- “ADEX-2018”ə ev sahibliyi edən Azərbaycanın hər cür təmin olunmuş güclü ordusu var. Bir çox sahələrdə respublikamızla əməkdaşlığı gücləndirən ABŞ Dövlət Departamenti ölkəmizin terrorçuluqla mübarizədəki fəaliyyətini yüksək qiymətləndirir. Dünyanın ən tanınmış reytinq agentlikləri Azərbaycanda aparılan siyasəti başqalarına nümunə göstərirlər. Azərbaycan islahatlar ölkəsi adlandırılır. BMT İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 39-cu sessiyası çərçivəsində Universal Dövrü İcmal üzrə İşçi Qrupunun Azərbaycanla bağlı 3-cü dövrü məruzəsi üzrə hesabatının qəbul edilməsi ilə bağlı iclasda UDİ üzrə hesabatın İnsan Hüquqları Şurası tərəfindən yekdilliklə qəbulu ölkəmizdə inkişafda olan demokratiyanın təntənəsidir. Bu dəyər eyni zamanda “ insan hüquqlarının pozulması” bəhanəsi ilə respublikamıza təsir göstərməyə çalışan qərəzli qüvvələrə tutarlı cavabdır.

“Bu gün Azərbaycan tam müstəqil siyasət aparır. Qeyd etdiyim bütün məsələlər - istər xarici siyasətlə, daxili siyasətlə, iqtisadiyyatla bağlı olan bütün nailiyyətlər bu məqsədə xidmət göstərir ki, bizim müstəqilliyimiz daha da möhkəmlənsin. Müstəqillik təkcə dövlət atributları deyil. Sən müstəqil siyasət apara bilirsən, yoxsa yox? Bunu uğurla apara bilirsən, yoxsa yox? Bu müstəqil siyasət sənə xeyir gətirir, yoxsa yox? Bax, bu suallara cavab verdikdə əminliklə deyə bilərik ki, bu gün tam şəkildə müstəqil siyasət aparan Azərbaycan öz milli maraqlarını tam şəkildə təmin edir.” Prezident İlham Əliyevin bu sözləri BMT-də müzakirə olunan məsələləri, təmsil olunan dövlətləri düşündürən suallara məntiqli və izaha ehtiyacı olmayan açıqlama, zamanın çağırışıdır.

Xuraman İsmayılqızı,  “İki sahil”