KÖŞƏ

Şəmsiyyə Əliqızı

Dağıdıcıların “qrant savaşı”

25 sentyabr 2018 23:31
7273

Yaxşı deyiblər ki, “Qarğa özünü quş bilir, xaşıl özünü aş”. 1993-cü ildən bu günə qədər müxalifətçiliyi həyat tərzinə çevirən, özlərini quş hesab edən qarğalar uzun illərdir peşə xəstəliyindən” əl çəkə bilmirlər. Deyirlər “tarix təkrarlanmır, səhvlər təkrarlanır”. Bu binəvalar hələ də səhvləri təkrarlamaqda davam edirlər. Bu günə qədər “ata-ana müxalifəti” statusu uğrunda mübarizə aparan uğursuz radikallar səhvlərdən nəticə çıxarmaq əvəzinə yeni addımları ilə təkrarçılıqdan utanmırlar. Dünən “ata-ana müxalifəti”” adı uğrunda mübarizə aparan radikal müxalifət liderləri ikiəlli bərk-bərk tutduqları kürsülərini əllərindən verməmək üçün yeni nəsil müxalifətçilərin qarşısına da dəyirman daşı dığırlamağda davam edirlər. Kiçik bir etiraza dözməyən radikal, eyni zamanda da diktator liderlərin bir işarəsi ilə həmin o “sözə baxmaz” uşaqlar” partiyadan dərhal uzaqlaşdırılır. Elə həngamələr də  bu uzaqlaşdırmalardan sonra baş verir.

Demək olar ki, son günlər müxalifət daxilində “klassik və yeni müxalifət” söz-söhbətləri gündəmi zəbt edib. Avropaya sığınan gənc qrant dəllalları ilə, yəni müasir müxalifətçilərlə,  “klassik dəllalların” mübarizəsi yenidən gərginlik yaradıb. Xədicə İsmayılovanın ardınca hər zaman onun kölgəsində özünə yer edən Emin Milli də klassik müxalifətin, daha doğrusu, bu ada iddialı olan  AXCP-nin və onun sədri Əli Kərimlinin bostanına daş atıb. Bildirib ki, 20-25 ildir Azərbaycanda siyasi hakimiyyətin dəyişməməsinə görə müxalifətdə təmsil olunanlar məsuliyyət daşıyır. Xüsusilə vurğulayıb ki, Ə.Kərimlinin bu məsuliyyətsizlikdə, uğursuzluqda öz payı var. Yəni, E.Millinin məntiqinə görə, müxalifət zəif olduğuna, xalqın etimadını itirdiyinə görə seçkilərdə səs toplaya bilmir, daim məğlub olur.

Aqillər gözəl deyib: “Qozbeli qəbir düzəldər”. Bu radikalların cavanı da birdir qocası da. Onlara Avropadan bu sözləri deməyə məcbur edən isə qarın davasıdır. Çünki “abdalın qarnı doyunca gözü qapıda  qalar”. Belə çıxır ki, bu acgözlər yeni qrant layihəsinin iyini alıblar. Bunun üçün də bir-birlərinin paxırlarını tökməkdə bəhsə giriblər. Qoy didişsinlər, onsuz da bu köhnə və yeni dağıdıcılar öz köhnəlmiş ideyaları ilə  nə qədər cılız bir vəziyyətə düşdüklərini və  XXI əsrin Azərbaycanı üçün yararsız olduqlarını bir daha nümayiş etdirirlər.

Təbii ki, indiki dağıdıcı müxalifətin vaxtilə hakimiyyətdə olanda həyata keçirdiyi yarıtmaz siyasəti də unudulmayıb. Yaşlı və orta nəslin nümayəndələri onların hakimiyyətdə olduğu dövrdə yaratdıqları ağrılı-acılı günlərin birbaşa şahidi olublar, o çətinlikləri gündəlik həyatlarında hiss ediblər. Azərbaycanda artıq onların lüzumsuz olduğu bütün xalqa bəllidir. Göründüyü kimi, illərdir hətta sıravi üzvlərə qarşı repressiya siyasəti aparan, hər kəsi özündən narazı salan, xaricdən əldə etdiyi gəlirlərə tək yiyələnən Ə.Kərimli artıq yolun sonuna çatıb. Bildiyimiz kimi, leş üstündə dava salan qarğaların davası səngimir. Məntiqə görə, itələnib yuvadan düşmək isə onun növbəsidir. Necə deyərlər, həyat bumeranqdır.