16 oktyabr 2018 17:55
1340

Tərtər rayonunun daha dörd kəndinə təbii qaz verilib

Tərtər rayonunun təbii qazla təmin edilən yaşayış məntəqələrinin sırasına Hacallı, Soyulan, Alışarlı və Aşağı Qapanlı kəndləri də əlavə olunub. Ümumilikdə, 296 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında 17 min 984 metr müxtəlif diametrli metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kəndlərə təbii qazın verilməsi münasibətlə keçirilən tədbirdə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Regional Qaz İstismar İdarəsinin rəisi Azər Musayev çıxış edərək, həyata keçirilən layihələrdən, əhalinin sosial rifah halının yaxşılaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən tədbirlərdən danışıblar.

Bildirilib ki, respublikanın yaşayış məntəqələrində təbii qazın bərpası, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində işlər görülür. Hazırda Tərtər rayonunun Rəcəbli, Kövdadıq, Bildirçinli və Umudlu kəndlərində tikinti-quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.

Çıxış edən sakini Zəfər Nəsirov əhalinin sosial qayğılarının həllinə göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Sonda rəmzi məşəl alovlandırılıb, yaşayış məntəqələrinə “mavi yanacaq” verilib.