16 mart 2026 16:54
169

Vəfat etmiş yaxınlarının süni intellekt vasitəsilə “yenidən yaradılması” psixoloji risklər yaradır? - PSİXOLOQ İZAH EDİR

Psixoloq: Əgər insan uzun müddət süni simulyasiya ilə emosional əlaqəni davam etdirərsə, bu proses gecikə və ya mürəkkəbləşə bilər

Vəfat etmiş və ya uzaqda olan sevdiklərin süni intellekt vasitəsilə yenidən yaradılması bəzi hallarda emosional təsəlli verə bilər. Lakin psixoloji baxımdan yas prosesinin əsas mərhələlərindən biri itki ilə reallıq səviyyəsində barışmaqdır. Əgər insan uzun müddət süni simulyasiya ilə emosional əlaqəni davam etdirərsə, bu proses gecikə və ya mürəkkəbləşə bilər.

Bu fikirləri “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri və “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva “İki sahil”ə özəl müsahibəsində diqqətə çatdırıb.

O vurğulayıb ki, bu vəziyyət emosional bağlılığın real münasibətlərdən çox virtual təcrübələr üzərində qurulmasına səbəb ola bilər. Sosial aspektdə isə insanın yeni münasibətlər qurmaq və sosial həyata adaptasiya etmək motivasiyası zəifləyə bilər. Bəzi hallarda bu, “emosional donma” və ya itkinin qəbul edilməsində çətinlik kimi özünü göstərə bilər. Buna görə belə texnologiyalar istifadə edilərkən psixoloji həssaslıq və balans qorunmalıdır.

Yaqut Ağaşahqızı, “İki sahil”