19 oktyabr 2018 14:33
922

Alıcılar çox, onları cəlb etmək isə çətin...

Bal yarmarkasından reportaj

Belə bir xəyal quraq: səhər yuxudan dururuq, qarşımızda qızardılmış ləziz çörək, üzərinə çəkilmiş kərə yağı və tam təbii çiçək balı var. Təbii ki, bu xəyalımızın gözəl olması üçün balın da təbii olması önəmlidir. Bəs hər kristallaşan bal təbiidirmi? Təbii balla tərkibində qatqı olan balı necə ayırd edə bilərik? Arı görməyən balı necə tanımaq olar  və s. bu kimi suallarımıza cavabı paytaxtda fəaliyyətə başlayan növbəti bal yarmarkasında tapdıq. 

Yarmarkanın ərazisinə daxil olduğumuz ilk andan etibarən həm alıcılarda, həm də satıcılarda aktivlik müşahidə etdik. Azərbaycanın müxtəlif bölgələrindən il ərzində topladıqları arıçılıq məhsullarını satışa çıxaran arıçılar mallarını tərifləyir, müştərini cəlb etmək üçün fərqli üsullardan istifadə edirdilər. Görünən mənzərə onu deməyə əsas verir ki, sayca 19-cu dəfə keçirilən sərgi ildən-ilə daha da mükəmməlləşir. Əvvəlki sərgilərdən fərqli olaraq bu dəfə yarmarkada Azərbaycanın bütün bölgələri iştirak edir.

Onu da qeyd edək ki, bu il sərgiyə 150 ton arı məhsulu daxil olub. Qida Təhlükəsizliyi Agentliyinin apardığı ekspertiza analizlərinin nəticəsinə görə isə 30 ton bal sərgidən kənarlaşdırılıb. Reportajımız sırasında bir neçə arıçı ilə həmsöhbət olduq. Onların bəziləri alıcıların çoxluğundan razılıq ifadə etsələr də, bəziləri onları cəlb etməkdə çətinlik çəkdiklərini dilə gətirdilər.

Balların qiyməti isə 25-40 manat arasındadır. Arıçılar bildirirlər ki, sərgidə təkcə bal yox, müxtəlif arıçılıq məhsulları da təqdim olunur ki, həmin məhsullar da bal qədər insanların diqqətini cəlb edir və satılır. Arıçılar maraqlananlara öz ballarından dadmağa da sevə-sevə icazə verirlər.

Yarmarkadakı münasibət, xüsusilə də balın və digər arıçılıq məhsullarının qiymətləri ilə bağlı alıcıların fikirləri ilə də maraqlandıq. Sakinlər deyirlər ki, balın qiyməti normaldır. Amma onları narahat edən əsas məqam balın tam təbii olub-olmamasıdır. Arıçılar isə bildirirlər ki, bunu ayırd etməyin bir neçə qaydası var. Belə ki, balı qaşıqla götürəndə nazik tellərin dartılaraq tez qırılması və qırılan kimi sürətlə dartılması onun keyfiyyətsizliyinin əlamətidir. Keyfiyyətli balın qoxusu burunu qıcıqlandırmadığı halda saxta bala qarışmış sintetik esens ətirlərində bunun tam əksi müşahidə olunur.

Bir qaşıq bal bir stəkana qoyularaq üzərinə qaynar su töküləndə keyfiyyətli bal tez dağılmır, suya tez qarışmır, saxta bal isə əksinə suya tez qarışır.

Saxta bal dartılanda hörümçək toru kimi havada uçur. Qaşıqla yuxarı qaldırıb axıdanda saxta bal qırıq-qırıq, təbii bal isə davamsız olaraq qırılmadan axır. Bundan başqa, təbii balla şərbət hazırlananda bulanıqlıq verir, saxta bal isə şəffaf olur.

Yarmarkada diqqətimizi çəkən digər bir məqam isə baldan hazırlanan kosmetik vasitələr oldu. Xüsusilə qadınlarda üzdəki qırışların aradan qaldırılması, dərinin təravətli və cavan qalması üçün baldan hazırlanmış müxtəlif kosmetik vasitələrin qiymətləri yerləşdirilən qabın həcminə görə dəyişir. Satıcılar bildirirlər ki, bal ilə yanaşı, bu cür təbii məhsullara da maraq və tələbat çoxdur.

Qeyd edək ki, arıçılıq məhsulları sərgisi oktyabrın 28-dək Bakı şəhəri, Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində davam edəcək.

Şəfiqə Dadaşova,
Nurlan Məlikzadə (operator), “İki sahil”