22 oktyabr 2018 22:18
2843

“ExxonMobil” Afrikada mövqeyini genişləndirir

Son illər ABŞ-ın “ExxonMobil” şirkəti Afrikada növbəti iri yataq  kəşfinə köklənib. “İki sahil”in “oilprice.com” saytına istinadən yaydığı məlumata görə, şirkətin kəşfiyyat üzrə direktoru Stefen Qrinli “ExxonMobil”in Afrikada milyardlarla barrel həcmində ehtiyat əldə edəcəyinə olan ümidlərindən danışıb.

ABŞ Geoloji Tədqiqatlar İdarəsi ötən il Afrikanın təkcə Saxara səhrası ətrafı ərazisində 41 milyard barrel hasil edilməmiş xam neft ehtiyatı olduğunu hesablamışdı. “ExxonMobil” əsasən Afrikanın qərb və cənub hissələrində mərkəzləşib və indiyədək Qana, Mavritaniya, Namibiya və Cənubi Afrika kimi ölkələrdə çoxlu neft və qaz kəşflərinə imza atıb.

Ötən il “ExxonMobil” Qana hökumətindən  nəhəng “Jubilee” ofşor yatağında kəşfiyyat üçün icazə alıb və cari ilin sonuna qədər orada kəşfiyyata başlayacaq.

Namibiyada ofşor kəşfiyyat lisenziyasında “ExxonMobil” 30 % pay alıb. İndiyə qədər bu ölkədə heç bir neft, qaz ehtiyatı kəşf edilməsə də, buranın ofşor hövzələrinin Braziliyanın zəngin Kampos və Santos hövzələri ilə eyni xarakteristikada olduğu güman edilir.

“ExxonMobil” həmçinin seysmik məlumatlar alır. “Biz burada seysmik məlumatlar toplamaqla gələcəkdə yeni karbohidrogen imkanları əldə edəcəyimizə, Afrikada növbəti “Qayana”nı tapacağımıza ümid edirik”,-deyə Qrinli bildirib.

Ola bilsin ki, məhz Cənubi Amerikada-Qayanada imza atdığı 4 milyard barellik kəşf “ExxonMobil”in ora çox yaxın  yerləşən və dünyanın daha az tədqiq edilmiş sahəsi sayılan Afrikaya marağını artırıb.