25 oktyabr 2018 15:59
1887

ABŞ-ın neft ehtiyatları 423 milyon barrelə çatır

Birləşmiş Ştatların neft ehtiyatları artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 6,3 milyon barrel (1,5 faiz) artaraq 422,8 milyon barrelə çatıb. Bazar proqnozları ehtiyatların 3,7 milyon barrel çoxalacağı istiqamətində idi. Əvvəlki həftə ölkənin neft ehtiyatları 6,5 milyon barrel artmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə keçən həftə 1,2 milyon barrel (0,2 faiz) azalaraq 656,5 milyon barrel təşkil edib.

Ölkənin benzin ehtiyatları da ötən hesabat həftəsində 4,8 milyon barrel (2,1 faiz) azalaraq 229,3 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,9 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 2 milyon barrel azalmışdı.