30 oktyabr 2018 14:34
4951

Heydər Əliyev adına NEZ-in texnoloji qurğuları təmir olunur

Strateji əhəmiyyətli Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) emal qurğularının gücündən səmərəli istifadə olunması və müasir texnologiyanın, elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin tətbiqi üçün tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzindədir. Məhz bu  diqqət və qayğı sayəsində müasirləşən zavod neft məhsullarının keyfiyyətini daim yüksəldir.

“Azərbaycan Respublikasının yanaçaq-enerji kompleksinin inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində Heydər Əliyev adına NEZ-də emal dərinliyinin yüksək səviyyədə saxlanılması, ilkin emal qurğusunun (ED-AVQ-6) istehsal gücünün artırılması, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, yanacaq-enerji sərfiyyatının azaldılması və digər istismar xərclərinin aşağı salınması üçün yenidənqurma və modernizasiya işləri həyata keçirilir. Həyata keçiriləcək tədbirlər sırasında katalitik krekinq qurğusunun gücünün artırılması, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, istismar xərclərinin aşağı salınması, dizel yanacaqlarının keyfiyyət göstəricilərinin artırılması (aromatik birləşmələrin və kükürdün azaldılması), katalitik riforminq qurğusunda yüksəkoktanlı benzinin tərkibindən benzol və digər yüngül karbohidrogenlərin ayrılması və nəticədə NEZ-də istehsal olunan bütün növ avtomobil benzinlərinin tərkibində benzolun səviyyəsinin Avropa standartlarına çatdırılması da vardır.  

Təbii ki, uğurlu nəticələrə, yüksək məhsuldarlığa nail olunmasında  həyata keçirilən cari və əsaslı təmirin əhəmiyyəti böyükdür. Əsas istehsal sahələrinin texnoloji sxemlərində edilmiş dəyişikliklər, aparılmış yenidənqurma, cari və əsaslı təmir işləri və s. texniki-təşkilatı tədbirlər böyük iqtisadi səmərə ilə müşayiət olunur. Müəssisədə istehsal məsələlərinin kompleks həllinin təmin olunması inkişafa zəmin yaradır.

Cari ilin oktyabr ayının əvvəlindən Heydər Əliyev adına NEZ-in əsas texnoloji qurğularında irimiqyaslı təmir işləri aparılır. Mütəxəssislər bunu zavodun texnoloji qurğularında ən böyük əsaslı təmir və yenidənqurma işləri hesab edirlər.  Odur ki, SOCAR və zavod rəhbərliyinin, baş mütəxəssislərin, mühəndis-texniki heyətin diqqəti hazırda təmir işləri gedən texnoloji qurğulara yönəlmişdir. Təmir dövründə müxtəlif təyinatlı trest, sahə və briqadalar təmir işlərini vaxtında başa çatdırmaq üçün uzadılmış iş rejimində, sözün əsl mənasında, fədakarlıqla çalışaraq gərgin əmək sərf edirlər.

Əsaslı təmirə saxlanılmış qurğuların texniki tələblərə uyğun, etibarlı vəziyyətə gətirilməsi üçün ixtisaslaşdırılmış təmir-tikinti idarələri, eləcə də müəssisənin təmir-quraşdırma üzrə 13№-li sahəsi, ayrı-ayrı sahələrdən çilingər briqadaları səfərbər edilmişlər. Məqsəd aydındır; təxminən bir ay müddətində qurğular əsaslı təmir olunmalıdır.

Bəs, qarşıya qoyulmuş məqsədin nəzərdə tutulmuş vaxtda yerinə yetirilməsi mümkün olacaqmı? Elə bu suala cavab tapmaq üçün qurğunun yerləşdiyi əraziyə yollanırıq.

21№-li istehsalatın ilkin emal qurğusunun (ED-AVQ-6) ərazisində olarkən  gözə dəyən texnika, səyyar köşklər, çoxsaylı işçilərdən ibarət mənzərədən belə bir rəy yaranır ki, burada irihəcmli işlər görülür. Təmir, tikinti, quruculuq işlərində müasir kranlar, müxtəlif traktor, ekskavatorlar, müvafiq nəqliyyat vasitələri qurğunun ətrafına cəmlənib. Dəfələrlə olduğumuz bu qurğuda hazırda təmirin səs-küyü, maşın-mexanizmlərin uğultusu eşidilir. Daha sonra əzəmətli mürəkkəb kompleksin qarşısında ayaq saxladıq. Şübhəsiz, belə vaxtda istehsalat, qurğu  rəisini, mexaniki tapıb, onlardan məlumat almaq heç də asan deyil. Buna görə də müşahidələrimizə və bir də 55 və 21№-li qurğularının arasında yerləşən səyyar köşkdə (bunu həmçinin “ştab” da adlandırırlar) baş mütəxəssislərdən aldığımız məlumatlara əsasən təmir haqqında təsəvvürlərimizi formalaşdırmaq məcburiyyətində qalırıq. Bütövlükdə müşahidə və müsahiblərimiz qurğuya cəlb edilmiş  təmir briqadaları, təchizat,  təmir işlərinin gedişinə aydınlıq gətirir.

İşin olduqca gərgin və vaxtının az olduğuna baxmayaraq 2 saylı istehsalatın rəisi Şahin Əsgərovu bizə məlumat verməyə razı salırıq. Təmir işlərini aparan iş icraçıları, mütəxəssislər ona tez-tez  müraciət etdiyindən söhbətimizə tez-tez fasilə vermək məcburiyyətində qalırıq.

Məlum olur ki, əsaslı təmirdən öncə qüsurlar cədvəli tərtib olunmuş və görüləcək işlər müəyyənləşmişdir. Belə ki, 21 №-li qurğunun S1/1,1/2,1/3 sobaları zavodun texniki nəzarət şöbəsinin işçiləri tərəfindən yoxlanılmış və S1/1,1/2 sobalarının nəqliyyat xəttinə qədər çıxışları dəyişdirilmişdir. Sobaların içərisindəki qüsurlar aradan qaldırılmış, sıradan çıxmış borular yeniləri ilə əvəz edilmişdir. Vakuum kolonunda paketlər dəyişdirilmişdir.  2 ədəd EN 25/1, 25/2 nasosları müasir nasoslarla əvəz edilmişdir ki, bu da məhsuldarlığı artırmağa kömək edəcəkdir.

K-1, 2 kolonlarının içərisindəki sıradan çıxmış boşqabları, hissələri sökülərək yeniləri ilə əvəz olunmuşdur. İD 7/2, İD5/1, SS 17/1, SS 17/2  istilikdəyişdiriciləri, susoyuducuları və  tutumlar, aparatlar  yuyulub təmizlənmişdir. 30 m.lik məşəl xətti dəyişdirilmişdir. Havasoyuducularının lumusları təzələnmişdir. Qurğuda yenidənqurma və modernizasiya istiqamətində də mühüm işlər görülür. Belə ki, TR-in mütəxəssisləri tərəfindən qurğunun kolonları, tutumları, sobaları, elektrodehidratorları, utilizasiya qazanları test olundu və orada olan qüsurlar, çatışmazlıqlar aradan qaldırıldı. Qərara alınmışdır ki, gələcəkdə K-10 kolonu  müasiri ilə əvəz olunsun. Modernizasiya çərçivəsində NÖC və A, elektrik sahələrində də işlər davam etdirilir.

55№-li katalitik krekinq qurğusunda isə məlumatları bizə 5 №-li istehsalatın baş mexaniki Əli Mustafayev çatdırır:   

-100-cü bölmənin reaktorundan katalizator çıxarılmış və müəyyən hissəsi yenisi ilə əvəz olunmuşdur. Bölmənin İD 101/1,4 istidəyişdiricilərində buraxılış olduğundan borular sökülmüş, yeniləri qoyulmuşdur. 100-cü bölmənin məşəl xəttində yeni seperator, təbii qazın sobada qızdırılması sxemi və  1-105/1,2  klapan toplusunda yeni tənzimləyici klapanlar quraşdırılmışdır. N-103 ehtiyat nasosu demontaj olunaraq, yüksək məhsuldarlıqlı nasosla əvəz olundu və nasosların su ilə soyutma boru xətləri dəyişdirilmişdir. Bölmədə qüsurlu qoruyucu klapanlar,  siyirtmələr təmir olunaraq yerinə qoyulmuşdur. PK101/1,2,3, PK102/1,2,3 porşenli kompressorlar təftiş edildi. Yenidənqurma və modernizasiya ilə əlaqədar 100-cü bölmənin bütün aparat, tutum, sobaları və b. test olunmuşdur.

Söhbət texnoloji qurğuların əsaslı təmirini həyata keçirənlər haqqında düşəndə zavodun təmir-quraşdırma üzrə 13№-li sahəsi ilə yanaşı, SOCAR-ın “Neftqaztəmirtikinti” Trestinin müvafiq stukturlarının əməkdaşlarının fəaliyyəti  xüsusi olaraq vurğulandı. Eləcə də zavodun əsaslı tikinti xidmətinin, mexanika, energetika, metrologiya şöbələrinin işi haqqında xoş sözlər söylənildi, razılıq ifadə edildi.

Boşdayanmalara yol verilməməsi, vaxtdan səmərəli istifadə olunması, qısa vaxt ərzində işlərin başa çatdırılmasına nail olmaq, operativliyi, çevikliyi təmin etmək üçün  hər gün zavodun baş mühədisinin rəhbərliyi ilə  mütəxəssislərin toplandığı səyyar köşkdə gündəlik təmir işləri barəsində müşavirələr keçirilir. Zavodun direktoru Elman İsmayılov tez-tez qurğularda olur və təmirin gedişini xüsusi nəzarətində saxlayır. O cümlədən təmir müddətində SOCAR-ın məsul işçiləri  zavodda olub, təmir işlərinin gedişini yerində nəzərdən keçirir, qurğularda gedən əsaslı təmirin vəziyyəti ilə maraqlanır və məsləhətlərini verirlər.

Müşahidələrimiz Heydər Əliyev adına Neft Emalı Zavodunun texnoloji qurğularında aparılan təmir işlərinə ciddi nəzarət, operativ təchizat və vaxtdan səmərəli istifadə edildiyini göstərir, bunun nəticəsində isə müəyyən olunmuş vaxt ərzində qarşıya qoyulmuş məqsədə nail olunacağına heç bir şübhə qalmır. İnanırsan ki, zavod kollektivi Azərbaycan Prezidenti cənab İlham Əliyevin: “Bakıda neftayırma zavodunun yenidən qurulması, modernləşdirilməsi prosesi gedir. Bu da çox önəmli sənaye layihəsidir. Bu bizə imkan verəcək ki, daha keyfiyyətli neft məhsulları istehsal edək.Yenidənqurma başa çatandan sonra Azərbaycanda istehsal olunacaq benzin “Avro-5” standartına cavab verəcək. Bu da ölkəmizin ekoloji vəziyyətinə müsbət təsir göstərəcəkdir. Eyni zamanda, bu zavodun yenidənqurulması, modernləşdirilməsi bizə böyük iqtisadi səmərə verəcək” deyimini rəhbər tutaraq bu sınaqdan da üzüağ çıxacaqlar.

Şamil Həşimov,

“Neftayıran” qəzetinin böyük redaktoru