30 oktyabr 2018 17:37
2116

Salyanın daha bir kəndi qazlaşdırılıb

Salyan rayonunun Düzənlik kəndinə təbii qaz verilib.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, birlik tərəfindən respublikanın yaşayış məntəqələrinə təbii qazın bərpası, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində geniş miqyaslı işlər görülür, cari ildə də qaz təsərrüfatı infrastrukturunun genişləndirilməsi işləri uğurla davam etdirilir. Belə ki, tərtib edilmiş tədbirlər proqramına uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyi tərəfindən nəzərdə tutulmuş işlərin icrası ilə əlaqədar ilk növbədə kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidən qurulması, kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqların yeniləri ilə əvəz edilməsi, sonrakı mərhələdə isə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidən qurulması, eləcə də hər bir istehlakçının mənzilinə qaz sayğaclarının quraşdırılması işləri davam etdirilir. Bu məqsədlə oktyabrın 30-da Salyan rayonunun Düzənlik kəndinə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olub. Keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 151 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 19 min 737 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, eləcə də məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Sakinlər yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.