ABŞ-ın San-Xose şəhərində yolkənarını təmizləyən evsizlərə əməkhaqqı veriləcək
Birləşmiş Ştatların Kaliforniya ştatındakı Silikon Vadisində yerləşən San-Xose şəhərinin administrasiyası avtomobil yolları və arxların kənarlarından məişət tullantılarının yığılması üçün unikal proqram hazırlayıb. Bu məqsədlə 200 min dollar subsidiya ayrılması da qərara alınıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu proqramın maraqlı cəhəti şəhərdəki evsiz insanları işlə təmin etməkdən ibarətdir. Belə ki, cari ilin noyabrından etibarən onlar sutkada 4-5 saat olmaqla San-Xosedə yolkənarının təmizliyi işlərinə cəlb olunacaqlar. Hər saat üçün 15 dollar maaş alacaq evsiz vətəndaşlar şəhərin ən çox məişət tullantısı olan 40 məntəqəsində işləyəcəklər. San-Xose meri keçirdiyi mətbuat konfransında bildirib ki, təmizlik işlərinə nəzarəti nəqliyyat və parklar departamentləri həyata keçirəcəklər.