02 noyabr 2018 23:28
3235

Vətən sənə oğul dedi

Azərbaycanın Milli Qəhrəmanı Şikar Aslanovun xatirəsi yad edilib

Noyabrın 2-də Azərbaycan İstiqlal Muzeyinin və Cəbrayıl Tarix - Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Şikar Aslanovun xatirəsinə həsr olunmuş “Vətən sənə oğul dedi” adlı tədbir keçirilib.

Tədbirdən əvvəl qonaqlar Azərbaycan İstiqlal Muzeyinin zallarında nümayiş etdirilən Cəbrayıl Tarix - Diyarşünaslıq Muzeyinin eksponatları  və Milli Qəhrəmana həsr edilmiş guşə ilə tanış olublar.

Daha sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə, eyni zamanda, Milli Qəhrəman Şikar Aslanova həsr edilmiş film nümayiş olunub.

Çıxış edən Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov tədbirin əhəmiyyətindən bəhs edib, ölkəmizin bütövlüyü uğrunda canlarından keçən Vətən oğullarının xatirəsinin yad olunmasının vacibliyini vurğulayıb.

Cəbrayıl Tarix - Diyarşünaslıq Muzeyinin direktoru Tariyel Abbasov Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Cəbrayıl rayonundan 378 nəfərin şəhid olduğunu, bu döyüşlərdə polis işçilərinin böyük qəhrəmanlıq nümayiş etdirdiklərini bildirib. T.Abbasov qeyd edib ki,  onlardan biri də Şikar Aslanov olub.

Həmin vaxt Cəbrayıl Rayon Milis (polis) Şöbəsinin rəisi olmuş Vaqif Məhərrəmov Şikar Aslanovla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, Milli Qəhrəmanın göstərdiyi şücayətlərdən bəhs edib: “Şikar qorxmaz, cəsur azərbaycanlı balası idi. O, həm yaxşı döyüşçü, həm də yüksək nizam-intizam sahibi idi. Şikar haqqında nə qədər danışsan, yenə də azdır”.

V. Məhərrəmov qeyd edib ki, hazırda Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın güclü ordusu var. Məhz 2016-cı ilin Aprel döyüşləri Azərbaycanın Ordusunun döyüş qabiliyyətini dünyaya nümayiş etdirdi. 

Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev çıxış edərək belə anım tədbirlərinin əhəmiyyətini  vurğulayıb və təşkilatçılara minnətdarlığını bildirib. A. Fərzəliyev ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxslərin, Milli Qəhrəmanların xatirəsinin daim yad edilməli olduğunu, bu cür tədbirlərin məktəblərdə keçirilməsinin gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətli rola malik rola malik olmasını vurğulayıb.

Arif Fərzəliyev ölkə başçısının şəhid ailələrinin, milli qəhrəmanların ailələrinin sosial problemləri ilə yaxından maraqlandığını, onların problemlərinin daim həll edildiyini bildirib: “Gənclər görəndə ki, canını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban verən insanların ailəsi dövlətin himayəsi altındadır, bu, bizim gənclərdə vətənpərvərlik tərbiyəsini daha da sarsılmaz edəcək. Bunun gənclərin milli-mənəvi dəyərlərə, xüsusən də vətənpərvərlik tərbiyəsinə malik olmasında böyük rolu var”.

Tədbirdə, həmçinin Azərbaycanın Milli Qəhrəmanı Şikar Aslanovun döyüş yoldaşları, doğmaları qəhrəmanın ömür və döyüş yolu haqqında söhbət açıblar.

Qeyd edək ki, 1970-ci ildə anadan olan Şikar Aslanov 1990-cı ildə Cəbrayıl rayonunda milis (polis) sıralarına daxil olub, doğma rayonun və yaxın ərazilərin müdafiəsində fəal iştirak edib. Şikar Aslanov 1992-ci il iyul ayının 2-də  hərbi əməliyyat  zamanı snayper gülləsinə tuş gəlib, cəsur döyüşçünü hospitala çatdırsalar da onun həyatını xilas etmək mümkün olmayıb. Həmin il  o, “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Hazırda doğulduğu Süleymanlı kəndinin orta məktəbi onun adını daşıyır.

Ceyhun Piriyev, “İki sahil”