Azərbaycan daxili sərmayələrlə yanaşı, xarici ölkələrə də böyük həcmdə investisiyalar yatırır. Bunlardan biri və ən böyüyü oktyabrın 19-da Türkiyənin İzmir şəhərində Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə açılışını etdikləri “Star” neft emalı zavodudur. Bu zavod Türkiyədə özəl sektora yatırılan ən böyük investisiya layihəsidir. Dünyanın bir çox ölkələrində hələ də maliyyə böhranının hökm sürdüyü indiki zamanda “Star” kimi nəhəng bir müəssisənin ərsəyə gətirilməsi Azərbaycanın iqtisadi qüdrətinin əyani göstəricisidir. Bütün bunlar əlbəttə ki, Azərbaycan dövlətinin həyata keçirdiyi düzgün və məqsədyönlü iqtisadi siyasət nəticəsində mümkünləşir.
“Star” neft emalı zavodu Türkiyədə iqtisadiyyatın və sənayenin inkişafına töhfə verməklə strateji məhsulların istehsalında əhəmiyyətli rola malikdir. Belə ki, o, Türkiyənin idxaldan asılılığını azaltmaqla ölkə iqtisadiyyatına 1,5 milyard dollar əlavə gəlir qazandıracaq. Açılış mərasimində Prezident İlham Əliyevin bildirdiyi kimi, bu layihənin gerçəkləşməsi onu göstərir ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə uğurla çatır. Növbəti mərhələdə zavoda əlavə 700 milyon dollar yatırım ediləcəyini diqqətə çatdıran Prezident vurğulamışdır ki, bu, Azərbaycanın xaricə qoyduğu ən böyük yatırımdır.
“Star” neft emal zavodunun açılışı iki ölkə ölkə arasında dostluq və qardaşlığın daha yüksək səviyyəyə qalxaraq əbədi və sarsılmaz olduğunu bir daha sübut etdi. Belə ki, bu enerji layihəsi möhtəşəm türk dünyasının gələcək perspektivləri üçün böyük önəm kəsb edir. Həmçinin yeni neft emalı zavodunun işə salınması, eyni zamanda, hər iki ölkənin həm iqtisadi, həm də siyasi gücünün göstəricisidir. Bu cür nəhəng layihənin həyata keçməsi şübhəsiz ki, Azərbaycan və Türkiyə liderlərinin güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur.
“Star” neft emalı zavodunun 5 ildə 852 milyon dollar gəlir gətirəcəyi proqnozlaşdırılır. Onu da deyək ki, SOCAR 19,5 milyard dollarlıq investisiya paketi ilə Türkiyə tarixində ən böyük xarici sərmayəçidir. Bu zavodun tikilib istifadəyə verilməsi ilə Aralıq dənizi bazarında SOCAR-ın mövqeləri xeyli möhkəmlənəcəkdir. Zavodun müxtəlif markalı neftləri, əsasən “Ural”, “Azeri Light” və “Kərkük” neft növlərini emal edə bilməsi qarşıya qoyulan hədəflərdəndir. 76 çəni (rezervuarı) olan “Star” neft emalı zavodunun ümumi anbar həcmi 1.640.000 kubmetr təşkil edəcək. SOCAR-la “Rosneft” arasında imzalanmış müqaviləyə əsasən, 2018-ci ilin dekabr ayından etibarən 1 il ərzində “Star” zavodunun 1 milyon ton Rusiya nefti ilə təchiz olunması gözlənilir. Kontrakt hər iki şirkətin əlverişli əməkdaşlığının genişlənməsinə dəlalət edir və SOCAR-ın Türkiyədəki yeni neftayırma obyektlərinin stabil yüklənməsi üçün əlavə təminat yaradacaq.
Xatırladaq ki, “Star” NEZ “Tecnicas Reunidas SA”, “Saipem SpA”, “GS Engineering & Construction Corp” və “Itochu” korporasiyalarından ibarət alyans 2013-cü ilin mayında imzalanmış EPC (Engineering, procurement and construction) müqaviləsi əsasında inşa edilib. SOCAR-ın gələcək hədəfləri sırasında Türkiyədə daha bir neft-kimya kompleksinin inşası nəzərdə tutulur. Yeni layihənin texniki-iqtisadi əsaslandırmasının 2019-cu ilin aprel ayında yekunlaşdırılması, həmin ilin iyun ayında tikinti işlərinə başlanılması planlaşdırılır. Yeni neft-kimya kompleksində ilkin istehsalın 2022-ci ilin sonu və ya 2023-cü ilin əvvəlində başlanılması nəzərdə tutulur.
Sevinc Azadi, “İki sahil”