06 noyabr 2018 14:31
2006

Çin şirkətləri yerli hasilatı artırmağa çalışırlar

Çinin “Sinopec” və “CNPC” dövlət enerji şirkətləri yerli hasilatı artırmaq üçün ölkənin qərb regionlarındakı şist neft və qaz formasiyalarında kəşfiyyat və qazma işlərini sürətləndiriblər.

“CNPC” şirkətinin son illər ən böyük kəşflərindən biri olan Xinzianqdakı Mahu yatağında hasilat bu il ötən illə müqayisədə 40 % aşağı düşsə də, “CNPC” həmin yataqdakı quyuların tezliklə tamamlanacağını və tez bir zamanda hasilata qoşulacağını açıqlayıb.

Böyük yerli neft və qaz resurslarına malik olmasına baxmayaraq, Çin son vaxtlar dünyanın ən çox xam neft idxal edən ölkəsinə çevrilib. Mayeləşdirilmiş təbii qaz alıcısı kimi Çinin tezliklə Yaponiyanı keçəcəyi gözlənilir. “Röyter” agentliyinin hesablamalarına görə, təkcə oktyabr ayında Çin mayeləşdirilmiş təbii qaz idxalına 25 milyard dollar vəsait xərcləyib.

Hökumətin ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinin vacibliyi ilə bağlı çağırışından sonra “CNPC” yerli hasilatı yüksəltmək üçün hasilat sektoruna sərmayəni artırdı.

“Sinopec” dövlət enerji şirkəti isə cənub-qərbi Çindəki yataqlarında 66 yeni quyuda hasilata başlamağı və 23 qazma stansiyası qurmağı planlaşdırır.

Çində yaranan qaz çatışmazlığına səbəb evlərdə, zavodlarda və s. yerlərdə kömürdən alınan enerjinin istifadəsinin ləğv edilməsi və qazdan istifadəyə başlanılması, bundan əlavə ölkədə ötən qışın çox sərt keçməsi olub.

Ötənilki qıtlığın yenidən təkrarlanmaması üçün şirkətlər yerli hasilatın artırılmasına xüsusi əhəmiyyət verirlər.