Müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər Heydər Əliyevin sayəsində reallaşdırılan “Əsrin müqaviləsi” respublikamızın neft salnaməsinə şanlı səhifəsidir. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir. Ölkəmizdə “Əsrin müqaviləsi” imzalandıqdan sonrakı 24 ildən artıq müddətdə həyata keçirilən neft strategiyası sayəsində çox mühüm hadisələr baş verib. Bunlardan ən önəmlilərindən biri də ötən il sentyabrın 14-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. Sazişi Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, “Chevron”, “Inpex”, “Statoil” (indi “Equinor”), “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzalayıb.
Faktiki olaraq “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılması anlamına gələn bu Sazişdə BP 30,37%, SOCAR 25,00%, “Chevron” 9,57%, “İnpex” 9,31%, “Statoil” 7,27%, “ExxonMobil” 6,79%, “TP” 5,73%, “Itochu” 3,65%, “ONGC Videsh” Limited-in isə 2,31% paya sahib olub. Göründüyü kimi, BP-nin operatorluğunun əvvəlki kimi davam edəcəyi sazişdə SOCAR-ın payı 11,65%-dən 25%-ə yüksəlib. Saziş çərçivəsində 32 il ərzində qeyd olunan neft yataqlarına 40 milyard dollardan artıq investisiyanın qoyulması, beynəlxalq tərəfdaş şirkətlər tərəfindən Azərbaycan Dövlət Neft Fonduna 3,6 milyard dollar məbləğində bonusun ödənilməsi nəzərdə tutulub. Eyni zamanda, sazişdə mənfəət neftindən Azərbaycana çatacaq pay da 75% səviyyəsində müəyyən edilib. İlkin hesablamalara görə, növbəti 32 il ərzində bu yataqlardan 500 milyon tondan çox neftin çıxarılması nəzərdə tutulur.
Bir sözlə, “Yeni əsrin müqaviləsi” bundan sonra ən azı 32 il Azərbaycan iqtisadiyyatına müsbət töhfələrini verməkdə davam edəcək ki, bu da ölkəmizin gələcək iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan haqlı olaraq, yeni saziş “Yeni əsrin müqaviləsi” adlandırılır. “Yeni əsrin müqaviləsi” Azərbaycanın dövlətçilik tarixində mühüm hadisələrdən biridir.
Qeyd edək ki, Bakıdan təxminən 100 kilometr şərqdə yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar bloku Xəzər hövzəsinin Azərbaycan sektorunda ən iri neft yatağıdır. AÇG yatağı 6 - “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli”, “Qərbi Çıraq” hasilat platformasından və ən müasir texnologiyalarla təchiz edilmiş 2 texnoloji emal, kompressiya, suvurma və texnoloji təchizat platformasından ibarət olan kompleksə malikdir. “Yeni əsrin müqaviləsi” çərçivəsində “Azəri-Çıraq-Günəşli” (AÇG) müqavilə ərazisində daha bir platformanın quraşdırılması nəzərdə tutulur. Xəzərdə “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında, mərkəzi nöqtədə yerləşəcək yeni qurğu “Mərkəzi Şərqi Azəri” platforması adlanacaq.
“Mərkəzi-Şərqi Azəri” layihəsinin məqsədi əlavə quyuları qazmaqla və əlavə dəniz obyektləri quraşdırmaqla, gündə 100 min barrelə qədər neft və 350 min standart kubfut qaz təşkil edən pik hasilat həcminə nail olmaqdır.
Platformanın quruda, tikinti-quraşdırma meydançalarında aparılan tikinti və istismara hazırlıq fəaliyyətlərinin əksəriyyətinin 2019-cu ilin ortalarından 2022-ci ilin ortalarına qədər davam edəcəyi gözlənilir. Bu barədə “Mərkəzi-Şərqi Azəri” layihəsinin Ətraf Mühitə və Sosial Sahəyə Təsirinin Qiymətləndirilməsi sənədinin layihəsinin ictimai müzakirələri zamanı məlumat verilib. Layihənin icrası üzrə menecer Kolin Simpson bildirib ki, platformanın üst hissəsinin Bayılda, alt hissəsinin isə Bakı Dərin Özüllər Zavodunda inşa olunması gözlənilir.
2021-ci ilin sonuna platformanın dayaq blokunun quraşdırılması, 2022-ci ilin ortalarına isə üst tikilinin quraşdırılması nəzərdə tutulur. Platformada hasilat 2023-cü ilə planlaşdırılır. “Mərkəzi-Şərqi Azəri” hasilat platformasında 202 nəfərlik yaşayış bloku inşa ediləcək. Həmçinin, 2022-ci ildə yeni platformanın obyektlərinin mövcud “Şərqi Azəri” və “Mərkəzi Azəri” platformaları ilə birləşdirilməsi işlərinin həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı digər platformalar kimi, bu qurğu da yerli infrastrukturdan və işçi qüvvəsindən istifadə edilməklə tikiləcək. Yerli işçi qüvvəsi “Mərkəzi Şərqi Azəri”nin inşasına istehsalat sahələrinin yaxınlığında yerləşən yaşayış məntəqələrinin sakinləri olacaq.
Orxan Vahidoğlu, “İki sahil”