14 noyabr 2018 14:44
2512

“Mubadala Petroleum” Misirdə yeni lisenziya əldə edib

İtaliyanın “Eni” dövlət enerji şirkəti Misirdə “Nour North Sinai” ofşor konsessiyasındakı payının 20%-ni Birləşmiş Ərəb Əmirliklərinin “Mubadala Petroleum” şirkətinə satıb.

“offshorenenergytoday.com” saytının yaydığı məlumata görə, “Nour” bloku Aralıq dənizinin Şərqi Nil Deltası hövzəsində, 50-400 metr su dərinliyində yerləşir və təxminən 739 kvadratkilometr sahəni əhatə edir.

“Bu sövdələşmə “Zöhr” yatağındakı birgə uğurlu işlərin ardından “Mubadala Petroleum”la əməkdaşlığımızı daha da gücləndirməyə xidmət edəcək və “Mubadala Petroleum” şirkətinin həm istismar, həm də kəşfiyyat işlərində “Eni”yə inamını yüksəldəcək”,-deyə “Eni” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi bildirib.

Mubadala Petroleum”un idarə heyətinin rəhbəri Musabbeh Əl Kaabi isə öz növbəsində bu sazişlə, Misirdə şirkətin mövqeyini möhkəmləndirməklə yanaşı, orada “Nour” və “Şorouk” konsessiyalarının operatoru olan “Eni” şirkəti ilə strateji əməkdaşlığı genişləndirəcəklərini vurğulayıb.