17 noyabr 2018 00:01
3019

Bu gün Azərbaycan gəncliyi istənilən sahədə öz sözünü demək iqtidarındadır

Bu gün gənclər təşkilatları Azərbaycan Gənclərinin VII Forumundan ötən müddətdə özlərinin fəaliyyətləri barədə hesabat verirlər. Çünki forumlar gənclər siyasəti ilə bağlı görülən işlərin bir baxımdan hesabat tədbiridir.

Bu sözləri noyabrın 16-da Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov AZƏRTAC-a müsahibəsində deyib.

Foruma hazırlıq işlərinə regionlardan start verildiyini xatırladan S.Orucov bildirib ki, region gənclərinin zona toplantılarında qaldırdıqları məsələlər və irəli sürdükləri təkliflər ümumiləşdirilərək Forumun gündəliyinə salınıb. Bölgə gənclərinin təklif və təşəbbüsləri, həmçinin gənclərlə bağlı proqram və strategiyaların hazırlanması zamanı da diqqətə alınır. Nəticədə bu strategiya və proqramlar ölkəmizin bütün gənclərini əhatə edən mükəmməl sənədə çevrilir.

“Bu gün Azərbaycan dövləti gənclərimizin fəaliyyəti, onların inkişafı üçün hər cür şərait yaradıb. Məhz bu şəraitin nəticəsində bu gün Azərbaycan gəncliyi istənilən sahədə öz sözünü deməyə qadir qüvvəyə çevrilib. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada gənclərə diqqət və qayğı göstərilməsin. Sevindirici haldır ki, gənclərimiz Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın həyata keçirdikləri məqsədyönlü siyasətin fəal dəstəkçiləri kimi bu prosesdə fəal iştirak edirlər”, - deyə S.Orucov bildirib.